Daxili İşlər Nazirliyinin Binəqədi rayon Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 12 min manat 5 qəpik olan tender müsabiqəsinin qalibi “Papirus DM” MMC (VÖEN- 1102590561) olub.
“Papirus DM” MMC Suraxanı rayon Mühafizə Şöbəsinə dəftərxana və təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Papirus DM” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xarici Dairəvi, ev 45-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Xudayar Məqatil oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Papirus DM” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Suraxanı rayon Mühafizə İdarəsi tender müsabiqəsini (Kotirovka sorğusu) iyun ayının 23-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Papirus DM” MMC isə aprel ayının 25-də dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Onu da qeyd edək ki, aprel ayının 25-da Cəfərov Xudayar Məqatil oğlunun qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Xarici Dairəvi, ev 45 yerləşən daha 2 şirkət - “Bellor TT” MMC (VÖEN-1102590971) və “Cəfərli Tikinti” MMC (VÖEN-1102590841) də dövlət qeydiyyatına alınıb.
Maraqlıdır ki, cəmi bir-neçə gün əvvəl bənzər bir tender müsabiqəsi DİN-in Binəqədi rayon Mühafizə Şöbəsi tərəfindən keçirilib.
Aşağıdakı linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:
DİN 2 aylıq şirkəti 31 minlik tenderin qalibi seçdi
A. Cəfərov