“Mingəçevirdə gündəlik dezinfeksiya işləri aparılır” - Fotolar


Mingəçevir Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən şəhərdə mütamadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Eyni zamanda görülən işlərin yüksək səviyyədə və daha çevik aparılması üçün əməkdaşlar bütün lazımi avadanlıqlarla təchiz olunub.
Yeniavaz.com
xəbər verir ki, yaşayış binaları, ictimai iaşə və ticarət obyektləri, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə dezinseksiya işləri aparılır.
Şəhərdə görülən işlərlə bağlı stansiyanının baş həkim vəzifəsini müvəqqəti icra edən həkim epidemioloq İsa Hacıyev bildirib ki, daha çox çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində ziyanverici həşəratlara və gəmiricilərə rast gəlinir. Bu isə şəhər sakinlərinin narahatlığına, eyni zamanda, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır:
“Tərəfimizdən şəhər ərazisində növbəlik əsasında gündəlik dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılır. Yaşayış binalarında və müqavilə bağladığımız müəssisələrdə mütamadi dərmanlama işləri görülür. Bundan əlavə də daxil olan şikayətlər əsasında dərmanlama işləri aparılır. Əhalidən daha çox yaşayış binalarında günü-gündən çoxalan gəmiricilərlə bağlı şikayətlər daxil olur. Həmin gəmiricilərə qarşı güclü dərmanlardan istifadə edilir. Amma gərək sakinlər də təmizliyə riayət etsinlər. Mingəçevirlilərin sağlamlığının qorunması üçün bütün növ ziyanverici həşəratlar, gəmiricilər, sürünənlər və xəstəlik törədici mikroorqanizmlərə qarşı mübarizə tədbirləri xüsusilə də yay aylarında gücləndirilir. Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək”.
Həkim İsa Hacıyev son vaxtlarda siçovul və həşəratların artma səbəbindən də danışıb:
“Bəli, son vaxtlar xüsusən də siçovulların artması ilə bağlı müraciətlər daxil olur. Lakin bunu yay mövsümü ilə əlaqələndirmək doğru olmazdı. Çünki gəmiricilər bəzən payız və digər mövsümlərdə də ortaya çıxır. Onu da qeyd edim ki, hal-hazırda ziyanvericilərə qarşı lazım olan bütün dərmanlar var və dərmanlama işləri də həyata keçirilir”.
O qeyd edib ki, mövsüm ilə əlaqədar olaraq dərmanlama işləri gücləndirilib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top