DİN-dən qazi Kamil Məmmədovun təzyiqə məruz qalması xəbəri ilə bağlı açıqlama


Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayonun icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını deyib.
Bununla əlaqədar DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Yeniavaz.com-a bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir. 
Z.Hüseynovun sözlərinə görə, K.Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub:
"Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib və maddi yardım ayrılıb. Bütün bunlara baxmayaraq K.Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra K.Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməmiş, əksinə ona diqqət və hörmətlə yanaşılıb".

DİGƏR XƏBƏRLƏR

Top