“Petronas Azərbaycan” şirkəti sultan Sulunun varislərinə veriləcək


Malayziyanın dövlət neft şirkəti “Petronas”ın Lüksemburqdakı iki törəmə müəssisəsi ölkənin mərhum sultanının övladlarının xeyrinə müsadirə oluna bilər.
Yeniavaz.com “Financial Times”ə istinadən bildirir ki, bu barədə Malaziyanın sonuncu müsəlman sultanı olan Sulunun varislərinin hüquqşünasları məlumat verib.
Bildirilir ki, 144 il əvvəl imzalanmış müqaviləyə görə Malayziyanın indiki neftlə zəngin əyaləti olan Sabah ərazisi sultan Sulu tərəfindən icarəyə verilib. Sultanın varisləri həmin müqaviləyə əsasən 15 milyard dollar təzminat tələb edirlər.
Məlumatda qeyd olunur ki, məhkəmə “Petronas” şirkətinin Lüksemburqda qeydiyyatdan keçmiş 2 törəmə şirkətinin – “Petronas Azərbaycan” (“Şahdəniz”) və “Petronas Cənubi Qafqaz” enerji şirkətlərinin üzərinə həbs qoyub.
Qeyd edilir ki, Azərbaycanda qaz hasilatı ilə məşğul olan bu şirkətlərin dəyəri 2 milyard dollardan çoxdur.
Xatıraladaq ki, bu ilin əvvəlində mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, “Petronas” şirkəti Azərbaycanın “Şahdəniz” qaz yatağında 2,3 milyard dollar dəyərində olan payını satıb. Rusiyanın “Lukoil” şirkəti 2021-ci ilin payızında "Petronas"ın səhmlərini 2,5 milyard dollara almaq istəyib. Lakin, bu sövdələşmə baş tutmayıb. Daha sonra SOCAR “Petronas”ın 4,35%-ini, Böyük Britaniyanın BP şirkəti 1,16%-ini alıb. “Lukoil” isə 1,45 milyard dollar ödəyərək səhmlərin 9,99%-ni ala bilib.

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top