Qurban Bayramında Naxçıvan şəhər sakinlərinə bir kiloluq donmuş toyuq əti paylanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a sakinlərin özləri məlumat verib.
Onların sözlərinə görə, toyuqlar Ali Məclisin sədri Vasif Talıbovun oğlu, həm də müavini Seymur Talıbovun adından paylanıb.
Bayram günü əhaliyə təklif olunub ki, hər kəs bir ədəd toyuğu Naxçıvan şəhərindəki Came məscidindən götürə bilər.
Bu elanda sonra toyuq payını almaq üçün məscidə xeyli adam toplaşıb. Naxçıvan şəhər sakini A. Babayev deyir ki, ona da toyuq təklif olunmasına baxmayaraq, götürməkdən imtina edib:
"Mən həyatımda birinci dəfədir görürəm ki, qurban bayramında toyuq paylasınlar, həm də donmuş. Bunlar camaatı nə hesab edirlər, bilmirik. Əgər savab qazanmaq istəyirsən, 3-4 dana kəs, payla. Onsuz da bizdən taladıqları pullardır, bayram günü 5-10 manat xərcləsələr nə olar? Gör insanları nə günə salıblar ki, bir kilo toyuğa möhtac olublar. Bu, əhalini ələ salmaqdır. Mənə də təklif olundu, imtina etdim. Başlarına dəysin".
Digər şəhər sakini Namiq Abdullayev isə aksiyanı keçirənlərə təşəkkür edir:
"Neçə vaxtdır dilimizə ət dəymirdi. İş yox, güc yox. Çörək pulu tapa bilmirik, əti necə alacağıq? Bizim ailədən 3 nəfər getdik, 3 kilo donmuş toyuq əti verdilər. Yəqin dana kəsməyə imkanları çatmayıb. Buna da bərəkət".