Balaca qızcığaz Momo - Kitab afişası


Əziz oxucu, elə bilməyin ki, yalnız kitab tövsiyə edirəm, mən özüm də tövsiyə əsasında kitablar oxuyuram. Son vaxtlar kitabsevərlərin uşaq ədəbiyyatına olan tələbatı nəşriyyatların, kitab tərcüməçilərinin də bu sahəyə marağını artırmışdır. Bu gün haqqında danışacağım kitab tövsiyə əsasında oxuduğum və son illərdə tərcümə edilmiş bir kitabdır. Söhbət alman uşaq yazıçısı Mixael Endenin (Michael Ende) məşhur "Momo" əsərindən gedir. Əsər 40-dan çox dilə tərcümə edilmiş, 20 milyondan çox satılmışdır. Tanışlıq üçün qısaca kitabın məzmunundan bəhs etmək istəyirəm.

Momo adlı balaca qızcığaz köhnə teatrın uçuq binasında yaşayır. Kimi-kimsəsi olmayan bu qız qısa vaxtda hər kəsin sevimlisinə çevrilir, insanlar ona sahib çıxır, ona geyim, ərzaq gətirir, xarabalığı yaşanılacaq vəziyyətə salır. Momonun ətrafında uşaqlı-böyüklü çoxlu dostları var. Süpürgəçi qoca Beppo, gəzinti bələdçisi Gigi qızcığazın ən yaxın dostlarıdır. Şəhərdə kimin nə problemi, incikliyi, dərdi, sevinci varsa, Momo ilə bölüşür. Çünki o, ən yaxşı dinləyicidir. Onun yanından ayrılan hər kəs quş kimi yüngülləşir, xoşbəxt olur, küsülülər barışır, çarəsizlər çarə, ümidsizlər ümid tapır. Tezliklə insanlar arasında "Sən bir Momoya baş çək" deyimi bir aforizmə çevrilir.
Günlərin bir günü şəhərdə tüstü adamlar peyda olurlar. Zamanı idarəetmə şirkətinin bu boz işçiləri var olmaq üçün insanların vaxtlarını oğurlayaraq onların həyatını alt-üst edirlər. İnsanlar daim təlaş içindədirlər, vaxta qənaət etmək istəyirlər. Əslində isə qənaət etdikləri vaxtı itirdiklərini dərk etmirlər. Boz işçilərə görə yaşlı valideylərin qeydinə qalmaq, dostlarla dərdləşmək, uşaqlara qayğı göstərmək, kimlərisə sevmək və s. hamısı vaxt itkisidir.
Bu düşüncənin hakim kəsildiyi bir dünya düşünün... Tezliklə ətrafdakı bütün insanlar dəyişməyə başlayırlar. Hər kəs harasa tələsir, heç kim gördüyü işdən zövq almır, buna görə də, əsəbi və gərgin olur. Tüstü adamlar daim onları təqib edirlər. Böyüklərin vaxtı olmadığından uşaqlar nəzarətsiz qalır və küçələrə axışırlar. Onlar Momoya pənah gətirir, onun yanında oyunlar oynayır, aclıqlarını, sevgisizliklərini unudurlar. Bütün insanlar, evlər, küçələr bir-birinin eynisi olur. Gülüşsüz, sevgisiz, donuq simalar ətrafda ora-bura qaçırlar. Artıq heç kəsin Momonun yanına gəlməyə vaxtı yoxdur. O, bütün dostlarını itirmişdir. Tüstü adamlar tezliklə Momonu tapırlar. Hər kəsdən gizlənən tüstü adamlar Momo ilə söhbət edərkən tilsimə düşmüş kimi hər şeyi etiraf edirlər. Beləcə, Momo tüstü adamların ələ ala bilmədiyi tək insan olaraq qalır. Bəs görəsən, Momo dünyanı, insanlığı, dostlarını bu tüstü adamlardan xilas edə, oğurlanmış zamanı geri qaytara biləcəkmi? Bunu öyrənmək üçün gərək kitabı özünüz sona qədər oxuyasınız.
Əsərin qəhrəmanlarının sevimli adları nə qədər uşaq ədəbiyyatından xəbər versə də, ideyası və verdiyi mesajlar bir o qədər böyüklərə xitab edir. Bir əsr əvvəl yaşamasına baxmayaraq müəllifin toxunduğu məsələlər indi də aktualdır. Müəllif kitabda bir yerdə yazır: "Zaman həyatın özü idi. Həyatın yeri isə ürəkdir. İnsanlar vaxta qənaət etdikcə, vaxt azalırdı". Bəli, zaman elə həyatın özüdür. Bir çiçəyi qoxlamağa, bir kitabı oxumağa, yaşlı böyüklərimizin hal-əhvalını soruşmağa, bir uşağın başına sığal çəkməyə ayırdığımız zaman vaxt itikisi deyil, elə həyatın ən gözəl anlarıdır. Bu anlara qənaət etdikdə insan "Momo"da olduğu kimi ruhsuz, sevgisiz, sevincsiz olur, bomboz robota və ya əşyaya çevrilir. Hətta niyə yaşadığını belə unudur. Həyatından qənaət edib yaşamadığı hər anı isə əslində toplamış yox, itirmiş olur. Çünki zaman işləyərək qazandığımız pul deyil ki, yastıq altına yığaq, gələcəyimiz üçün saxlayaq. Qənaət etdiyimiz hər anımız tüstü adamlar kimi havaya sovrulur.
Mixael Endenin "Momo" əsəri müəllifin daha çox müraciət etdiyi fantastik janrdadır. Lakin bu elə bir fantastikadır ki, gerçək dünya ilə tamamən bağını qoparmır. Tüstü adamların əsarətinə düşmüş insanlar necə də ətrafdakı dost-tanışlarımızı xatırladır. Hər kəsdə bir yorğunluq, bir narazılıq var, hər kəs vaxtdan, şəxsi həyatına zaman ayıra bilməməkdən şikayətlənir. İşləməkdən qazandıqları pulları belə xərcləməyə vaxt ayıra bilməyən insanlar... Oxuyan hər kəs əsərdən özünə bir pay çıxaracaq.
Əsərdə mənə ən çox təsir edən hissələr isə uşaqlarla bağlı idi. Demək, uşaqlarına vaxt ayıra bilməyən valideynlər sevgilərini, qayğılarını bahalı oyuncaqlarla əvəz edirlər. Uzaqdan idarə olunan maşınlar, tanklar, danışan gəlinciklər... Ən kiçik detallarına kimi düşünülmüş bu oyuncaqlar onları özünə şüursuzcasına bağlayır, uşaqların xəyal qurmalarına ehtiyac qalmır. Beləcə, onlar saatlarla hərəkətsiz bu oyuncaqlara baxır, yaşıdları ilə oyun oynaya bilmir, dalaşqan, əsəbi olur, vəhşiləşir, kobudlaşırlar. Təbii ki, müəllifin dövründə mobil telefonlar, planşetlər yox idi. Amma yenə də bu təsvirlər mənə dövrümüzün uşaqlarını xatırlatdı. Çox istərdim ki, hər bir valideyn bu kitabı oxuyub içində olduğu vəziyyətə bir də kənardan baxa bilsin.
Əsərdə bir çox dəyərli mesajlar verilir. Momonun dostu Gigi boş vaxtına qənaət edib çox işlədikcə varlanır. Artıq onun villası, bahalı maşını, xidmətçiləri var. Lakin o özünü xoşbəxt hiss etmir, keçmiş günləri, Momo ilə söhbətləri üçün darıxır. "İndi bir şey öyrənmişdi: başqaları ilə bölüşə bılmədiyi var-dövlət insanı məhv edir".
Müəllif Hora ustanın dili ilə belə deyir: "İnsanlar ölümün nə olduğunu bilsəydilər, ondan qəti qorxmazdılar. Qorxmadıqları halda isə, heç kim onların zamanını oğurlaya bilməzdi". Bu fikir, bəlkə də, bütün əsərin ideyasını özündə əks etdirir. Bəli, əsərdəki insanlar ölməmək üçün vaxtlarına qənaət edərək yaşayırlar və özlərinin də xəbəri yoxdur ki, əslində, onlar bu cür yaşamırlar, canlı ölüdürlər.
Kitabın arxa üzündə müəllifin bu sözləri yazılıb: "Mənim kitablarımı 8 yaşdan 80 yaşa kimi bütün uşaqlar oxuya bilər".
Doğrudan da, kitab müəllifin də qeyd etdiyi kimi, hər yaşa xitab edir. Uşaqlar oxuyub əylənəcək, gənclər macəraya atılacaq, böyüklər isə düşünəcək. Hər yaşa xitab edən, mənim də sevərək oxuduğum bu maraqlı əsəri hər kəsə tövsiyə edirəm. Kitabı "Mənbə" kitab evindən əldə edə bilərsiniz.
Xoş oxumalar, əziz oxucu!

Tükəzban Məmmədli,
Fraza jurnalı

DİGƏR XƏBƏRLƏR

Top