Ərdoğan Paşinyan və Putindən sonra Zelenski ilə də danışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, telefon danışığı zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
Ən böyük arzularının Ukraynaya sülhün gəlməsi olduğunu deyən Ərdoğan, Ukraynanın taxıl məhsullarının dünya bazarına çatdırılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.
Ukrayna ilə Rusiya arasında sülhün istənilən halda diplomatiya yolu ilə olacağını və bunun üçün danışıqlar masasının açıq saxlanılması lazım olduğunu vurğulayan Ərdoğan, İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını dilə gətirib. 
Prezident Ərdoğan həmçinin Qurban bayramı münasibətilə yaydığı videomüraciətdə türkcə bayram təbrikinə görə Ukrayna prezidenti Zelenskiyə təşəkkür edib.
Məlumat üçün bildirək ki, Prezident Ərdoğan bu gün Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin ilə də telefonla danışıb.

DİGƏR XƏBƏRLƏR

Top