Raquf Orucovun 50 illik yubileyi Ana yurdunda qeyd edildi - Fotolar


Şəhid komandir əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi Ana yurdu Ağdamda qeyd edildi.

Yeniavaz.com xəbər verir ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Asan Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı və Asan Radionun informasiya dəstəyi ilə Şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə millət vəkilləri, Ağdam rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Asan könüllüləri, Raquf Orucovun xidməti dövründə komandirlik etdiyi “N” saylı hərbi hissənin şəxsi heyəti, Müdafiyyə Nazirliyinin rəsmiləri, KİV nümayəndələri iştirak edib.
Tədbir Şahbulaq qalası ətrafında hərbi orkestrın Azərbaycan Respublikası Dövlət Himnini səsləndirməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut ilə başlayıb.
Tədbirdə şəhid komandirin döyüş yolu xatırlanıb, gənclərə onun silahdaşları tərəfindən maraqlı döyüş xatirələrindən bəhs edilib.
“Asan Könüllüləri” Təşkilatı “N” saylı hərbi hissənin şəxsi heyəti arasında “Əsgərə məktub” layihəsini həyata keçirib, eyni zamanda Raquf Orucov ilə birgə xidmət keçmiş zabitlərlə Asan könüllü gənclərin görüşü təşkil olunub.
Müdafiə Nazirliyinin rəsmisi çıxış edərək şəhid komandirin döyüş yolunun hər bir əsgər və zabit üçün örnək məktəb olduğunu qeyd edib və komandirin yubiley tədbirinin ana Vətənində, ana yurdunda, işğaldan azad olunmuş Ağdamda keçirilməsi komandirin ruhunu şad etməyə ən böyük töhvədir.
Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi Həmkarlar komitəsinin sədri Rəşad Səfərov çıxışında əsgərlərimiz, şəhid ailələri və qazilərə qayğı və diqqətin daim yüksək səviyyədə saxlanıldığını bildirib. Qurban bayramı münasibəti ilə əsgərlərə nazirliyin əməkdaşlarının göndərdiyi bayram sovqatı çatdırılıb.
Sonda şəhid komandir Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd etdi ki, Raquf Orucovun ən böyük arzusu Vətən torpağını işğaldan azad görmək idi. Bu gün biz həm Ağdamı ziyarət edirik, eyni zamanda onun komandiri olduğu “N” saylı hərbi hissənin yaranma gününü qeyd edirik.




DİGƏR XƏBƏRLƏR

Top