"Rusiya indi hansısa ölkəni ürəyi istəyən kimi cəzalandıra bilmir" - Əli Kərimli


"Əvvəlki vaxtları olsaydı, Rusiya Qazaxıstanı (gerçək müstəqil dövlət kimi davrandığı üçün) əlbəttə, daha sərt cəzalandırardı. Ancaq indi Rusiyanın o vaxtları deyil. Hər bir ölkəni ürəyi istəyən kimi cəzalandırmaq imkanı yoxdur. Ona görə də hazırda daha çox iqtisadi təzyiqə üstünlük verir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.
"Tokayevin Donetsk və Luqansk "xalq respublikalarını" nəzərdə tutaraq Putinin üzünə qarşı "biz bu qondarma dövlətləri tanımayacağıq" deməsindən sonra Rusiyanın Qazaxıstana qarşı təzyiqləri dayanmaq bilmir. Rusiya müxtəlif bəhanələrlə Qazaxıstan neftinin ixracına maneələr yaradır. Bu dəfə də Qazaxıstana təzyiq vasitəsi kimi Rusiya məhkəmələrindən istifadə edilib.
Rusiya məhkəməsinin Qazaxıstan neftini Qara dənizdəki Novorossiysk limanına çıxaran Transxəzər boru kəmərinin fəaliyəyyətini 30 günlük müddətə dayandırması Rusiya - Qazaxıstan münasibətini daha da gərginləşdirib. Xatırladım ki, daha əvvəl Rusiya 2-ci dünya müharibəsindən qalmış (?) minaları bəhanə edərək Qazaxıstan neftinin ixracına maneə yaratmışdı. Transxəzər boru xətti Qazaxıstan neftini Novorossiysk limanı vasitəsilə dünya bazarına çıxaran əsas ixrac marşrutudur. Qazaxıstan ötən il bu marşrutla 53 milyon ton neft ixrac edib.
Qazaxıstanın neft ixracına yaradılan maneə ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vurur. Maneələr davamlı olsa, ölkədə sosial gərginliyin də artmasına səbəb ola bilər. Ona görə də Prezident Tokayev məsələyə çox ciddi yanaşır. Tokayev dərhal hökumətə tapşırıq verib ki, Qazaxıstan neftinin dünya bazarına çıxarılması üçün təcili qaydada alternativ marşrutlar hazırlansın. Ən ağlabatan alternativ isə Qazaxıstanın Bakı - Ceyhana qoşulması və öz neft tankeri donanmasını yaradıb, böyütməsi ola bilər.
Tokayev ehtiyatlı şəkildə əks-addımlar da atır. Rusiya Qazaxıstanın neft ixracına maneə yaradan kimi Tokayev də fərman imzalayıb Qazaxıstanı MDB-nin dövlətlərarası valyuta komitəsindən çıxardığını bəyan etdi.
Rusiya Qazaxıstandan çox narazıdır. Ancaq hazırda edə biləcəyi çox şey yoxdur. Total sanksiya şəraitində olan Rusiya üçün Qazaxıstan hazırda çox önəmli nəfəslik, əvəzsiz ticarət tərəfdaşıdır. Ötən il Rusiya - Qazaxıstan ticarət dövriyyəsi 25 milyard dollar olmuşdusa, bu ilin 4 ayında ticarət dövriyyəsi əlavə 41 faiz də artıb. Ona görə də Rusiya məcburən Qazaxıstanın gerçək müstəqilliyi ilə barışmalı olacaq. Azərbaycan da regiondakı qüvvələr nisbətinin dəyişdiyini nəzərə alıb, öz milli maraqlarını daha qətiyyətlə həyata keçirməlidir", - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top