Güzəştli mənzil işinə görə 1 nəfər beynəlxalq axtarışa verilib


30 mart 2022-ci il tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatlarından istifadə etməklə mənzil seçimi prosesinə müdaxilə halları müşahidə edilib.

Yeniavaz.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Günel Hüseynova bildirib ki, faktla bağlı DTX-də başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib.

“Başlanmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA-nın növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə satışı həyata keçirilərkən mənzil seçimi sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı öz təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa olunub, onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində işin hallarından asılı olaraq müvafiq qəti-imkan tədbirləri seçilib. Əlavə olaraq, 1 nəfər barəsində beynəlxalq axtarış elan olunub”, - DTX əməkdaşı qeyd edib.

Onun sözlərinə görə, müəyyən edilib ki, 171 şəxs mənzilləri birbaşa təqsirləndirilən şəxslərdən əldə etdiyi xüsusi proqram təminatı vasitəsilə seçib: “60 nəfər digər şəxslərdən əldə etdikləri proqramlardan, 106 nəfər isə informasiya sahəsində xüsusi bilikləri olan şəxslərin xidmətlərindən istifadə edərək mənzilləri seçiblər”.

DİGƏR XƏBƏRLƏR

Top