"Qum canavarı" - Kitab afişası


Məndən tez-tez soruşurlar: "Uşaqlar üçün hansı bədii kitabları məsləhət görürsünüz?" Belə bir məsləhəti vermək üçün uşağın yaşını, oxuma səviyyəsini, maraq dairəsini nəzərə almaq lazımdır. Ümumi götürdükdə isə həcmi daha az, dili sadə, qısa cümləli, şəkilli nağıl, hekayə kitabları yeni oxumağa başlayan 7-10 yaşlı uşaqlara daha uyğundur. Və uşağınıza təlqin etmək istədiyiniz hər hansı bir keyfiyyət, məsələn, ədalətli olmaq, mərhəmətli olmaq varsa, bu istiqamətdə kitablar seçə bilərsiniz.

Ümumiyyətlə, uşaq ədəbiyyatı ilə bağlı iki fərqli fikir var: Birinci qrup tənqidçilər belə düşünürlər ki, uşaqlar üçün mütləq ayrıca əsərlər yazılmalıdır. İkinci qrup tənqidiçilər isə hesab edirlər ki, bütün əsərlər elə yazılmalıdır ki, uşaqlar da oxuya bilsinlər. Mən şəxsən 2-ci fikrin tərəfdarıyam. Çünki uşaq ədəbiyyatını yalnız uşaqlar oxumalıdır, deyə bir qayda yoxdur. Ya da bu əsəri uşaq oxuya bilməz deyə bir qayda da yoxdur. Əsas məsələ odur ki, uşağınız kitab oxusun.
Girişdən də anladığınız kimi bu gün sizə təqdim edəcəyim kitab uşaq ədəbiyyatına aid olacaq. Haqqında danışacağım kitab Norveç yazıçısı Osa Lindin 3 kitabdan ibarət olan "Qum canavarı" silsiləsidir. Silsiləyə "Qum canavarı", "Yenə Qum canavarı", "Bir daha Qum canavarı" kitabları daxildir. İlk kitab, "Qum canavarı" 2003-cü ildə "Nils Holgersson-plaketten" mükafatına layiq görülmüşdür. Kitabların adından tutmuş içərisindəki illüstrasiyaları, balaca qəhrəmanın macəraları, onu maraqlandıran suallar, Qum canavarı ilə söhbətləri, etdikləri kəşflər uşaqların ürəyincə olacaq. Kitab müxəlif mövzularda kiçik başlıqlı gündəlik hekayələr şəklindədir. Və yenicə oxumağı öyrənən uşaq belə çox asanlıqla, maraqla oxuya və anlaya bilər.
Əsərin baş qəhrəmanı ailənin tək uşağı Zakarina valideynləri ilə birgə dəniz sahilində bir evdə yaşayır. Təklikdən darıxan Zakarina bir gün sahildə qum qazarkən Qum cavanarını tapır. Onlar dostlaşırlar. Qum canavarının Yerin yaşı qədər yaşı var və o hər şeyi bilir. O, Günəş və Ayın işığı ilə qidalanır, tükləri parlaq və yumşaq, özü də külək kimi sürətlidir.
Ata-anasının başı öz işlərinə qarışanda Zakarina dostunun yanına tələsir. Valideynlərindən soruşa bilmədiyi hər şeyi ondan soruşur. Sualları isə bir deyil, iki deyil: "Mən doğulmamışdan əvvəl nə idim?", "Böyüklərin dediyi hər şeyi mütləq etmək lazımdır?", "Sən kimisə sevirsən?", "Bəs quşlar? Görəsən, onlar uçduqlarını anlaya bilirlər?", "Niyə milçəklər?", "Axı niyə mavi?", "Birinin dost, yoxsa düşmən olduğunu haradan bilmək olar?", "Niyə yorğanım gündüzlər qırmızı, gecələr isə qara olur?", "Qum dənəsindən də kiçik nəsə var, görən?" və s.
Zakarina əksər uşaqlar kimi valideynlərinin qayğısından, sevgisindən doymur, daima nədənsə narazıdır. Tez-tez onlardan küsür, onlara acıqlanır, qısqanclıq edir, yıxılır, ağlayır, bir sözlə, özünü pis aparır.
Bütün hallarda Qum canavarı onun narahatlığına son qoyur, ruhu duymadan onu tərbiyə edir, yetişdirir. Kitabı oxuduqca bir valideyn kimi, "Kaş ki, hər uşağın bir Qum canavarı ola", deyə düşündüm. Çünki uşaqlar bəzən valideynlərindən daha çox 3-cü bir şəxsin dediyini qəbul edirlər. Elə Zakarina kimi. Ata-anasının hər zaman çox işləməsindən şikayət edən Zakarinaya Qum canavarı dünyada ən ağır işin "heç nə" işi olduğunu başa salır. Çünki işləmədən yaşamaq olmaz və işləmədən yorulmaq daha pisdir.
Tez-tez yıxılan, yaralanan Zakarina qançırlarını öz əcaib dostuna göstərəndə, o deyir: "Qançır təhlükəli bir şey etdikdən sonra aldığın medal kimidir, elə deyil?"
Bir gün Zakarina atasının xəbərdarlığına baxmayaraq çirkli çəkmələrini soyunmadan evdə gəzir, atası ona irad tutduqda isə deyinərək Qum canavarının yanına gəlir. Aralarında maraqlı dialoq baş tutur.
"Qum canavarı:
- Deyinmək, - gözlərini yumdu,- sınıq telefon kimidir. Heç bir faydası yoxdur. Günah həmişə qulaqdadır.
- İnsan qulaqları ilə danışmır ki! Ən azından mən danışmıram.
- Bəli! Amma qulaqları ilə dinləyir".
Bundan başqa, Qum canavarı balaca qızcığaza Yer kürəsi, ulduzlar, kometalar, atom, nüvə, zaman, sevgi, dostluq, ölüm, qorxu və s. məfhumlar haqqında uşaqların anlayacağı tərzdə məlumat verir, öyrədir.
Bütün balaca uşaqlar kimi Zakarina da qaranlıqdan, kabus və qulyabanıdan qorxur. Qum canavarı ona qaranlığın xəyal qurmaq, uydurmaq üçün yaxşı fürsət olduğunu bildirir. Lakin bu uydurmalar mütləq qorxulu olmalı deyilmiş. Gözəl və sevimli uydurmalar da var
imiş. Və artıq Zakarina qaranlıqdan qorxmamağa, hətta onu sevməyə başlayır.
Başqa bir gün Zakarina soruşur:
- Birinin dost, yoxsa düşmən olduğunu haradan bilmək olar?
- Bu yemək kimi bir şeydir, gərək dadına baxasan.
Qum canavarının cavabları nə qədər sadə və gülməli səslənsə də, əslində dərin və hikmətlidir. Məsələn, o sevgini "hər şeyi dəyişmək üzrə dünya çempionu" adlandırır.
Birinci kitabda balaca qəhrəmanı şıltaq, ipə-sapa yatmayan bir uşaq kimi görürüksə, "Yenə də Qum canavarı" adlı 3-cü kitabda artıq o böyümüş, daha ağıllı, daha təmkimli olmuşdur.
Osa Lindin çox bəyəndiyim və çox faydalı hesab erdiyim "Qum canavarı" silsiləsi həm valideynlər, həm də uşaqlar üçün nəzərdə tutulmuşdur.
Valideyn kimi uşaqlarınızın təlim-tərbiyəsində, həmçinin zaman, həyat və ölüm haqqında onların suallarına cavab vermək üçün Qum canavarının fikirlərindən istifadə edə bilərsiniz. Zakarinanın kiçik dünyasına daxil olmaqla öz övladlarınızı daha yaxşı başa düşə, dünyaya bir də onların gözlərindən baxa bilərsiniz.
İnanıram ki, "Qum canavarı" seriyası "Balaca qara balıq", "Balaca şahzadə" kimi tez bir zamanda uşaqların sevimlisinə çevriləcək.
Hər zaman öz fərqini ortaya qoyan "Fabula" nəşriyyatı bu seriya ilə uşaqların qəlbini fəth edəcək. Silsiləni "Mənbə" kitab evindən əldə edə bilərsiniz. Xoş mütaliələr.

Tükəzban Məmmədli,
Fraza jurnalı

DİGƏR XƏBƏRLƏR

Top