
“Özbəkistan məsələsinin açarı 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir”.
Yeniavaz.com xəbər verir ki, bunu REAL partiyasının icra katibi Natiq Cəfərli bildirib.
“Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi, əməkdaşlığın genişlənməsi razılaşdırıldı - bunları Putin həzm edə bilməzdi.
Qarakalpaq bölgəsi Özbəkistanın 40% ərazisində yerləşir, cəmi 1,8 milyon əhalisi var, ölkənin yerdə qalan 60% ərazisində isə 35 milyona yaxın insan yaşayır. Yeni Konstitutsiya dəyişikliyində Qarakalpaq Respublikasının referendum yolu ilə müstəqil olması və başqa dövlətə birləşməsi (bu çox vacibdir) maddəsi çıxarılmaq istənildi, həmən bölgə qaynadı, mitinqlər başladı - çünki köhnə maddələr Rusiyaya Özbəkistana daim təzyiq etməyə imkan verir, ona görə də yeni redaksiyada, yeni Konstitutsiyaya qarşıdır. Amma məntiqlə, bu haqq Qarakalpaqdan alınmalıdlr, bu Özbəkistan üçün vacibdir”, - deyə N. Cəfərli Özbəkistandakı hadisələrə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, iyulun 1-də Qaraqalpaqıstanda baş vermiş iğtişaşlar səbəbindən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən, iyulun 3-də Qaraqalpaqıstan ərazisində komendant saatı nəzərdə tutan fövqəladə vəziyyət rejimi tətbiq edilib. İğtişaşlara səbəb isə Özbəkistanın Qaraqalpaqıstan Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi barədə planların olması idi. Bölgədəki iğtişaşlardan sonra Mirziyoyev konstitusiyaya Qaraqalpaqstanın statusu ilə bağlı dəyişiklikləri etməmək qərarına gəlib.