23 il Ankaraya rəhbərlik etmiş şəxsin açıqlaması gündəm oldu - Video


Ankara Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Melih Gökçek Türkiyənin “Sözcü” qəzetinin yazarı Murad Muradoğlunun “Adıyamanda 6 milyard dollarlıq jelibon ehtiyatı tapıldı” sözünün real olduğunu zənn edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Ankara Masası TV”nin efirində çıxışı zamanı deyib.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada neft yataqlarının tapıldığını açıqlayıb:
“Adanada 2 yüksək keyfiyyətli neft yatağı tapmışıq. Dəyərinin təxminən 1 milyard ABŞ dolları olduğu hesablanıb. Eyni yataqda daha 8 quyu qazaraq 10 quyuda işimizi davam etdirmək istəyirik”.
Ərdoğanın bu açıqlamasından sonra “Sözcü” qəzetinin yazarı Murad Muradoğlu sosial şəbəkə hesabından ironik paylaşım edib:
“Adanadan tapılan neftdən sonra Adıyamanda axtarışlar aparılan iki quyuda 6 milyard dollarlıq jelibon yataqlarına rast gəlinib”. Melih Gökçek isə televiziyada çıxışı zamanı 6 milyardlıq jelibon ehtiyatının tapılmasını real olduğunu deyib:
“Bu gün qəzetdə oxudum. Nə mənası olduğunu belə bilmirəm. Etiraf edirəm. Onun adı var, uşaqlar da yeyir, jelibon. Jelibon tapılıb. Jelibon nə deməkdir, bilmirəm. Yer altında 6 milyard dollarlıq jelibon tapılıb. (“Feyk filan olmasın” - jurnalist sual verir) – Xeyr, feyk deyil. Rəsmidir. Ard-arda tapılır”.
Onun bu açıqlaması ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, M. Gökçek 27 mart 1994-cü ildən 28 oktyabr 2017-ci ilə qədər Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olub.

DİGƏR XƏBƏRLƏR

Top