Şəhid ailələrinə qarşı dələduzluq edənin istintaqı başa çatdı


Şəhid ailələrinə qarşı dələduzluqda ittiham olunan Fərid Abdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.
Vətəndaşların şikayətləri araşdırılmış və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
Xatırladaq ki, sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb.

DİGƏR XƏBƏRLƏR

Top