"Bu, o demək deyil ki, ət nəzərəçarpacaq qədər ucuzlaşacaq"


Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilməsi barədə Qərar imzalayıb. Qərara əsasən baytarlıq pasportunun alınması tələb olunmayacaq, hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq, heyvan ətinin maya dəyəri azalacaq.

Bəs, görəsən, bu dəyişikliklər ətin qiymətinə təsir edəcəkmi? Yeni qaydalar tətbiq edildikdən sonar hər hansı qiymət azalması müşahidə olunacaqmı?
Dəyişiklikləri Yeniavaz.com-a şərh edən REAL partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, adi məntiqi hesablama vəziyyətin nə yerdə olduğunu görməyə bəs edir:
“Ümumilikdə, bütün bu yeni qaydalar tətbiq olunduqdan sonra hər xırda və iribuynuzlu mal qaranın sertifikatlaşdırılması və sənədləşdirilməsi üçün 20-25 manat civarında güzəşt tətbiq olunacaq. Yəni əvvəlki 20 manatlıq rüsum ləğv olunur.
Bu xırdabuynuzlu mal-qarada müəyyən qədər təsir edə bilər. Məsələn, 15-20 kiloluq bir qoyunun kəsilib satılmasında hər kiloqramda 50 qəpik-1 manat arası fərq edə bilər. Amma 250-300 kiloluq iri buynuzlu mal-qarada 20-25 manat hər kiloqrama bir neçə, 1-2 qəpik təsir edə bilər. Burda ciddi bir qiymət azalmasından söhbət getmir.
Qiymət azalması üçün başqa şərtlərin - daha çox bolluğun olması, məhsuldarlığın artması, bazara daha çox məhsulun çıxarılması vacibdir.
Bu qayda fermerlərə, bu sahə ilə məşğul olanlara bir asanlıq gətirir. Yəni onlar üçün müsbət bir haldır ki, ən azından kargüzarlıq, “kağız-kuğuz” işinə zaman sərf etməyəcəklər. Amma bu, o demək deyil ki, ət bazarında nəzərəçarpacaq ucuzluq müşahidə olunacaq”.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top