Əli Əliyevin kassasiya şikayəti təmin edilmədi


Ali Məhkəmə xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin kassasiya şikayətini təmin etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov sosial şəbəkə hesabında paylaşım edib.
“Əl Əliyevin beş ay azadlıqdan məhrum edilməsi barədə (CM-nin 147.1 maddəsi ilə) Bakı şəhər Yasamal rayon Məhkəməsiniin 13 yanvar 2022-ci  il tarixli, 1(004)-58/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 fevral 2022-ci il tarixli, 1(103)-567/2022 saylı qərarından verdiyim kassasiya şikayətinə bu gun Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxıldı. Qərar qüvvədə qaldı”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət vermişdilər.
Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılmışdı. Hazırki duruma görə, o iyulun 13-də azadlığa çıxacaq.
Partiya sədrinin vəkili Cavad Cavadov bir şəxs barəsində eyni əmələ görə iki dəfə cəza təyin edilməsinin qanunsuz olduğunu iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top