İyunun 18-dən 19-na keçən gecə Şəkinin Orta Zəyzid kəndinin ərazisində yerləşən tarixi Alban abidəsi ətrafında bir qrup naməlum şəxs tərəfindən qanunsuz qazıntı işləri aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
O qeyd edib ki, sözügedən qanunsuzluğu Dövlət Xidmətinin regional əməkdaşları aşkar edib, yerindəcə məsələni aktlaşdırıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Sektor müdiri vurğulayıb ki, qazıntı işlərinin aparılmasına dair bir neçə ehtimal var: “Bir neçə ehtimal ola bilər, amma hələlik ilkin ehtimallara görə, bir qrup şəxs xəzinə axtarışına çıxıb və qazıntı da məhz buna görə aparılıb”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Şəki Rayon Polis Şöbəsinə məlumat daxil olub.
“Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Hazırda araşdırma aparılır”, - DİN rəsmisi vurğulayıb.