BDU-nun müəllimi hər tələbədən üç-beş min manat tələb edir? - İddia+Audio


Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oxu.az-a müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər.
Tələbələrin sözlərinə görə, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib. 
Tələbələr müəllimin səs yazısını yayıb və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar. 
BDU-dan iddialarla bağlı bildirilib ki, qeyd edilən məsələ ciddi araşdırılır:
“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.


Sözügedən müəllimə Sədaqət Əhmədova"Bizim.Media"ya açıqlama verib. O, yayılan səsyazmanın ona məxsus olduğunu nə təsdiq, nə də inkar edib.
“Deyilən imtahanlar əmrlə olan şeylərdir. Kim nə deyirsə desin, baxın görün mən o imtahanlarda iştirak etmişəm? Xahiş edirəm ki, kamerayla baxsınlar, yoxlanış aparsınlar ki, mən hansısa imtahanda iştirak etmişəmmi? Səhhətimlə əlaqədar icazə almışam, heç imtahanlarda iştirak etmirəm, deyilənlər mümkünsüzdür”,- deyə qeyd edən S.Əhmədova dərman içdiyini bildirərək digər sualları cavablandırmaqdan yayınıb.

DİGƏR XƏBƏRLƏR

Top