Niyaməddin Əhmədova həbsdə işgəncə verildiyi bildirilir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədova saxlandığı cəzaçəkmə müəssisəsində təzyiq olunduğu bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
AXCP-dən deyilib ki, saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) əməkdaşları N.Əhmədovu döyərək ona işgəncə veriblər:
"Onun saçını qırxıb bir gecə cərimə kamerasında saxladıqdan sonra iyunun 16-da "barak"a qaytarıblar".
Partiyadan qeyd olunub ki, N.Əhmədova növbəti dəfə töhmət verilib və Qobustandakı Qapalı Həbsxanaya göndərilməklə hədələnib.
AXCP hesab edir ki, N.Əhmədov heç bir qanunsuz əmələ yol verməyib.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, Azərbaycandakı həbsxanalarda məhbuslarla qanun çərçivəsində davranılır.
Qeyd edək ki, N.Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza bitən gün isə Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. Ötən il məhkəmədə ona 13 il həbs verilib.
İttihamda iddia edilir ki, Almaniyada siyasi mühacir olan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına sərt çıxışlar səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. N.Əhmədov və Q.Məmmədov iddiaları yalanlayıb.
AXCP də bəyan edib ki, Əhmədovun həbsinin səbəbi 2019-cu ildə Milli Şuranın şəhər rəhbərliyi ilə razılaşdırılmayan və sosial, siyasi tələblərlə keçirilən etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.
Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısına salınanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top