15 gündür aclıq edən Taleh Bağırzadənin səhhəti necədir?


15 gündür ki, aclıq aksiyası keçirən “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb, “davamlı həratəti olur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Fəxrəddin Mehdiyev “BBC News Azərbaycanca”ya bildirib. 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən isə bildirilib ki, Taleh Bağırzadə saxlandığı cəzaçəkmə müəssisəsində həkim nəzarəti altındadır və səhhətində “ciddi problem yoxdur”.
Taleh Bağırzadə və aclıq aksiyasında ona qoşulan 11 nəfər iddia edirlər ki, yoldaşları polisdə dindirilərkən orada “Allah təhqir olunub”. Aclıq aksiyası keçirənlər bunu edənlərin cəzalandırılmasını istəyirlər.
Daxili İşlər Nazirliyi bütün ittihamları rədd edib.
İyirmi illiyinə həbs edilmiş ilahiyyatçı Taleh Bağırzadə aclıq aksiyasına Qobustandakı həbsxanada mayın 26-da başlayıb. Aksiyaya daha sonra Abbas Hüseynov, Cabbar Cabbarov və başqaları da qatılıb, Taleh Bağırzadənin vəkilləri bildiriblər. 
“Aclıq aksiyasına başlayandan bir neçə gün sonra Taleh Bağırzadənin səhhətində bəzi problemlər yaranıb, son dörd gündür davamlı hərarəti olur”, - onun vəkili Fəxrəddin Mehdiyev “BBC Azərbaycanca”ya deyib. 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən isə bildirilib ki, Taleh Bağırzadə saxlandığı cəzaçəkmə müəssisəsində həkim nəzarəti altındadır və səhhətində “ciddi problem yoxdur”.

“Aclığı dayandırmayacaqlar”
Taleh Bağırzadə ilə çərşənbə axşamı günü görüşən vəkili Fəxrəddin Mehdiyev “BBC Azərbaycanca”ya deyib ki, dindarlar, onların sözlərinə görə, “dini inancı, müqəddəs dəyərləri hədəf alındığından” işgəncədən daha çox “Allahın təhqir edilməsindən” qəzəbləniblər.
Onun sözlərinə görə, Taleh Bağırzadə hesab edir ki, artıq “qırmızı xətt” keçirilib və dindarların “hissləri təhqir edilib”.  
O bildirib ki, müdafiə etdiyi şəxs bunların araşdırılmasını və günahkarların qanunvericiliklə cəzalandırılmasını istəyir, əks halda onlar aclığı davam etdirəcəklər”.

Polis nə deyir?
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov  polisin dini inancı təhqir etməsi barədə iddiaları təkzib edib.
Ehsan Zahidov həmin iddiaları "böhtan" adlandırıb və deyib ki, polisin nüfuzdan salınmasına yönələn belə "şayiələr əvvəllər də olub". 
Onun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.

Aclıq aksiyası keçirənlərin hüquqlarını müdafiə edən "Müdafiə Xətti" təşkilatının həmtəsisçisi Rüfət Səfərov “BBC Azərbaycanca”ya deyib ki, təmsil etdiyi təşkilat inanclı şəxslərin etirazlarında haqlı olduğunu düşünür.
“Çox heyif ki, insanların dini inancına qarşı Azərbaycan hakimiyyətinin davranışı qeyri-qənaətbəxşdir. Adamları qanunsuz mühakimə edirlər, onları illərlə azadlıqdan məhrum edirlər. Bu adamların vicdan məhbusu olması beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib”, - Rüfət Səfərov deyib.
Azərbaycan haimiyyəti təmsilçiləri dəfələrlə bəyan ediblər ki, ölkədə bütün dini və etiqad azadlıqları təmin edilib, müxtəlif dini konfesiyalar öz ibadətlərini və ayinlərini sərbəst keçirə bilirlər və heç kim dini inanclarına görə təqib olunmur.
Bundan əvvəl Azərbaycan hakimiyyəti həmçinin deyib ki, ölkədə siyasi və vicdan məhbusu yoxdur, hər kəs törətdiyi cinayət əməlinə görə həbs olunub.
Cənab Səfərov deyir ki, onlar Azərbaycan hakimiyyətinə, Ombudsman Səbinə Əliyevaya, Penitensiar Xidmətə müraciət ediblər, amma cavab ala bilməyiblər.
Dindarları müdafiə etdiyinə görə sosial mediada tənqidlərlə üzləşdiyini bildirən Rüfət Səfərov deyir ki, tənqid edənlər inanc hüquqları pozulan şəxslərin “haqlarını nəzərə almadan” məsələnin mahiyyətindən yayınırlar. 
“Bu insanları inanclı olduqları üçün, Şiə məzhəbinə bağlı olduqları üçün İran İslam Respublikası xüsusi xidmət orqanları ilə bağlayırlar. Bizi də onlara qatırlar, amma biz onların hüquqlarını müdafiə edirik və dünyəvi dəyər və prinsiplərə əsaslanırıq”, - Rüfət Səfərov deyib.

“Ombudsmanın diqqət mərkəzində”
Ombudsman ofisindən “BBC News Azərbaycanca”ya bildirilib ki, Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupunun üzvləri həbsxanada Taleh Bağırzadə və Cabbar Cabbarovla görüşüb.
Qurumdan bildiriblər ki, görüş zamanı Taleh Bağırzadə və Cabbar Cabbarov saxlama şəraitindən və onlarla rəftarından şikayət etməyib. Deyiblər ki, həkim nəzarətindədirlər və ailə üzvləri ilə telefonla danışırlar, vəkilləri ilə görüşürlər.
“Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı adıçəkilən məhkumların müraciətləri dinlənilib, hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətləri izah edilib”, - Ombudsman Aparatı bildirib.
Ombusdmanın mətbuat xidməti deyib ki, Taleh Bağırzadə və Cabbar Cabbarovun müraciətləri Ombudsmanın “diqqət mərkəzindədir”.
İttihamlara cavab olaraq, qurum bildirib ki, “Ombudsmana ünvanlanan bütün müraciətlər, informasiya sorğuları Müvəkkilin fəaliyyəti çərçivəsində dərhal cavablandırılır”.

Nə baş verib?
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatının” üzvü Razi Hümbətov “satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma” maddəsi ilə günahlandırlaraq 6 il müddətinə həbs edilib. 
Onun məhkəməsi zamanı polis asayişi pozmaqda günahlandırdığı beş nəfəri saxlayıb. Onlardan üçü 30 gün müddətinə həbs edilib.
“Müsəlman Birliyi Hərəkatı”nın üzvləri Mail Kərimov və Süleyman Ələkbərov həmin gün axşam azad olunublar, amma onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) işgəncələrə məruz qaldıqlarını iddia ediblər. Yerli medianın yazdığına görə, onlar polisdə dindirildikləri zaman "işgəncəyə məruz qaldıqlarını" və “Allahın təhqir” oldunduğunu deyiblər.
DİN bu iddiaları “əsassız” və “yalan” adlandıraraq, saxlanılan şəxslərin Nəsimi rayon polis idarəsinə aparıldığını deyib.
DİN-in sözçüsü Ehsan Zahidov Mail Kərimov və Süleyman Ələkbərovun BMCMİ-də işgəncəyə məruz qaldıqları haqqında bəyanatlarını təkzib edib.
Onun sözlərinə görə, bu şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında "səs-küy salıblar" və onları intizama dəvət edən polis əməkdaşlarına tabe olmayıblar.
Ehsan Zahidov qeyd edib ki, onlar polis bölməsinə aparılıblar və profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar.
Vəkil Fəxrəddin Mehdiyev işgəncə və təhqir iddialarını yoxlamaq üçün rəsmi qurumların faktları araşdırmalı olduğunu deyir.
“Polis tərəfindən saxlanılan şəxslər məlumdur, nə vaxt saxlanılıblar, hara aparılıblar, neçə polis iştirak edib bu prosesdə, neçə müddətə saxlanılıblar, hansı otağa aparılıblar, bu məsələlər detallı araşdırılsa, müəyyən oluna bilər", - Fəxrəddin Mehdiyev bildirib.
Hüquqşünas deyib ki, Azərbaycan qanunvericiliyində birbaşa “Allahın təhqir edilməsi”nə görə cəza nəzərdə tutulmasa da, bu əməl sübut olunarsa, inzibati və cinayət məsuliyyəti yarada bilər.

Kimdir Taleh Bağırzadə?
İlahiyyatçı Taleh Bağırzadə beynəlxalq təşkilatlar tərfindən “vicdan məhbusu” kimi tanınıb.
O 2015-ci ilin noyabrında polisin Nardaran kəndində keçirdiyi əməliyyat zamanı həbs olunub.
Əməliyyat zamanı Taleh Bağırzadə və daha 16 nəfər həbs olunub. “Nardaran hadisələri” kimi tanınan əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmülə Taleh Bağırzadə və Abbas Hüseynova 20 il həbs cəzası verilib. Digər şəxslər isə 14 ildən -17 ilə kimi həbs olunublar.
Teoloq Taleh Bağırzadə Konstitusiya quruluşunun zorla dəyişdirilməsində ittiham edilib. O həbsini qanunsuz hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top