Metroda lirik gecə nağılı - Yeni hekayə


(hekayə)
Saat onbirə az qalardı. Toya gələnlərin çoxu getmişdi. Qalanlar bəylə gəlinin qohum-qardaşı, yaxınları idi. Klarnetdə oynaq hava çalınır, beş-altı nəfər necə gəldi atılıb-düşürdü.
Gödəkçəmi geyinib şadlıq sarayından çıxdım. Metronun stansiyası şadlıq sarayına yaxın olduğundan piyada getməyi qərara aldım. Narın yağış yağırdı. Külək əsmədiyinə görə yağış adama xoş gəlirdi. Şəhərin işıqlı küçələri sanki yağışda güzgülənirdi. Küçədə tək-tük adam görünürdü. Mənə elə gəldi ki, onlar ya gecə növbəsinə gedir, ya da hansısa əzizinin, ya da dostunun evindən şənlikdən qayıdırdılar. Bağın tinindən dönəndə küçədən bir maşın keçdi. Sürücü radionun səsini artırmışdı. Müğənni "Aman Tello"nu oxuyurdu: "Qoy məni öldürsünlər, Tello, bir alagöz qız üstə..."
Öz-özümə dedim ki, gör necə sevənlər olub ee, alagözlüsü yolunda çəkinmədən canını fəda edib. Gözəl deyilib: "Eşq bir bəladır ki, giriftar olmayan bilməz..."
Sərin yaz havası və küçələrin sakitliyi səs-küylü toy havasını getdikcə mənə unutdururdu. Artıq sabahkı gün haqqında fikirləşirdim. Evə çatıb rahatlanandan sonra ilk görəcəyim iş köşə yazısı yazmaq idi. Səhərdən bu barədə düşünür, hansı mövzuda yazacağımı götür-qoy edirdim. Axır ki, tapdım – bugünkü toylarımız haqda yazmağı qərarlaşdırdım. Doğrudur, bu mövzuda çox yazılıb, amma heç nə dəyişməyib. Hətta yazıya sərlövhə də tapdım - "Toylar bizə toy tutur". Bir az təmtəraqlıdı, qoy olsun, əsas odur ki, həqiqətdi. Yazını yaza bilsəydim, rahat yata bilərdim. Ona görə ki, sabah xeyli işim vardı və onları həll etmək üçün bir neçə idarədə olmalı idim.
Metronun girəcəyində növbətçi qadın polislə söhbət edirdilər. Mən gediş kartımı tapmaq üçün ciblərimi xeyli axtarmalı oldum. Bu dəqiqələrdə polis dayanıb mat-mat baxırdı. Nəhayət, kartı tapdım və eskalatora doğru getdim.
Qatar yola düşməyə az qalmış özümü yetirdim. Vaqonun orta hissəsindəki altı nəfərlik üzbəüz oturacaqda iki sərnişin vardı. Mən onlarla üzbəüz əyləşdim. Əvvəlcə üst-başıma diqqət yetirdim. Gödəkçəm tamam islanmışdı.
Mənimlə üzbəüz oturan yaşlı kişi nəsə itiribmiş kimi ciblərini yoxlayırdı. O, deyəsən, axtardığını tapdı, lakin əlini cibinə salmadı. Kişinin enli qalın qaşları vardı. Elə bil əllə yapışdırmışdılar. Yaşının çox olmasına baxmayaraq, saçları gur idi və tamamilə ağarmışdı. Qoca köhnə xarici filmlərin qəhrəmanlarına bənzəyirdi. Hara baxdığı dəqiq bilinmirdi. Tez-tez gülümsəyirdi və bu zaman üzündəki şırımlar daha da dərinləşirdi. Əvvəlcə mənə elə gəldi ki, o, mənim təhər-tövrümə baxıb gülümsəyir. Ancaq sonra yəqin etdim ki, kişi heç mənə baxmır, fikri haradasa metro qatarından uzaqlardadı. O, bəlkə də, bir az əvvəl bağ evində qoyub gəldiyi əzizlərini düşünür, yaxud nəvələrinin onu şirin-şirin qucaqlamalarını, yeni dil açan nəvəsinin "Baba, baba" deməsini xatırlayır. Bəlkə, dünyasını dəyişmiş xanımının çöhrəsini göz önünə gətirir, onun həlim, nəvazişli baxışlarına isinir. Bəlkə o, mənimlə yanaşı oturduğu oğlanla qıza baxıb, hansı səbəbdənsə, qovuşa bilmədiyi alagözlüsünü yada salıb təəssüflənir... Bu anda bir az əvvəl küçədə eşitdiyim "Aman Tello" mahnısı yenidən qulaqlarımda səsləndi: "Mən yarımı sevmişəm, Tello, şirin-şirin dil ilə..."
Deyəsən, mən qocanı haradasa görmüşdüm, ancaq bunu dəqiq xatırlaya bilmirdim. Bəlkə kişi məni tanıyıb, salam vermədiyimə görə gülümsəyir. Amma nə illah eləyirdim onunla tanışlığımızın tarixini yadıma sala bilmirdim.
Mənimlə yanaşı əyləşən oğlanla qız şirin-şirin söhbət edirdilər. Hər ikisi səliqəli geyinmişdi. Deyəsən, onlar da toydan gəlirdilər. Çünki qızın əynində parıltılı parçadan uzun paltar vardı. Sarışın saçlarını açıb tökmüşdü. Əlində krem rəngində balaca çanta tutmuşdu. Arabir çantanı açıb şəkilə baxırdı. Oğlan tez-tez əyilib qızın qulağına nə pıçıldayırdısa, o, "Vay, vay" deyirdi. Oğlan tez-tez öskürürdü və əlində saxladığı salfetlə ağzını tuturdu. Bu zaman da qız yenə "Vay, vay" sözünü təkrarlayırdı. Diqqət çəkən qəribəlik bu idi ki, qatarın qapısının yanında, dəmir çərçivəyə salınmış reklam kağızı üzərində yekə hərflərlə bu sözlər yazılmışdı:"Öskürəkdən yoxdur hal, ailən üçün Zedeks al!"
Vaqonun daha bir sakini mənimlə yanaşı əyləşmişdi. Onun üst-başı pis vəziyyətdə idi. Şalvarı palçığa bulaşmışdı. Köhnə paltosunun heç bir düyməsi yox idi. Tüklü sifətində qaysaqlanmış yaralar vardı. Saçlarını axırıncı dəfə nə vaxt daradığını yəqin ki, özü də xatırlaya bilməzdı. Əlində tutduğu torbada nə vardısa, tez-tez ağzını açıb baxırdı. Mənə elə gəldi ki, o, içki düşkünüdür. O, hər kəsə yazıq-yazıq baxır, bəlkə də soruşmaq və ya içmək üçün pul almaq istəyirdi. Lakin, o, bunu hələ ki, dili ilə yox, baxışları ilə deyirdi...
Onun bu görkəmdə metroya girə bilməsi mənə bir az təəccüblü gəldi...
Qəfil haqqında bayaq söhbət açdığım qocanın orta məktəbdə mənə coğrafiya dərsi deyən Söhrab müəllimə oxşadığını yəqin etdim. Bir anda Söhrab müəllimin qurub-yaratdığı zəngin coğrafiya kabineti gözlərim önündə canlandı. Müəllimim yenə əlində uzun çubuq tutmuşdu və üzünü divardan asılmış böyük xəritəyə tutub deyirdi: "Baxın, İtaliyanın ərazisi sanki uzunboğaz çəkməyə oxşayır. İtalyanlar bizim insanlara bənzəyirlər, onlar da çılğındırlar"... Yaxud elə bil müəllimim indicə məni ayağa qaldırıb sakitcə soruşacaq ki, de görüm, Küdrü düzünün torpaqları hansı torpaq tipinə aiddir? Mən o dəqiqə cavab verəcəyəm və Söhrab müəllim yenə gülümsəyəcək...
Söhrab müəllimdən o yana arıq, uzun, eynəkli bir nəfər oturmuşdu. Torpağı sanı yaşasın, bu adam bizim kənddə bir vaxtlar Temir "doxtur" vardı, sanki onun kopyası idi. Kişi deyəsən saçlarını rəngləmişdi. Çünki əllidən yuxarı yaşın ola, başında bir dənə də tük ağarmaya? Mən bunu onun tez-tez papağını götürüb başını, boynunu ovxalayanda hiss elədim. Onu da deyim ki, Temir əslində həkim deyildi, "medbrat" idi. Amma o illərdə üç qonşu kəndin heç birində həkim olmadığına görə, hamı ona həkim deyirdi. Və o da vardı ki, uşaqdan-böyüyə hamı Temirin yaxşı həkim olduğuna inanırdı. Temir həm müayinə edir, həm də iynə vururdu. Dəmirdən olan balaca qabda gəzdirdiyi şprisini görəndə nəinki uşaqların, elə böyüklərin də canına vicvicə düşürdü. Temir atla gəzər, atın üstündə daim əlində köhnə hamam çemodanına oxşar kiçik çemodanı bərk-bərk tutardı. Çünki Temirin belə demək olarsa, qazancı bu çemodandan çıxırdı. Yalan olmasın, o sürtülmüş meşin çemodan, bəlkə də, Nikolayla yaşıd idi. Amma imkanı olsa da Temir, nədənsə, ozünə yeni çemodan almırdı. O çemodanda nələr yox idi.
Temirin uzun əlləri, karandaş kimi nazik barmaqları vardı. Dərmanların və işlətdiyi yodun təsirindən sağ əlinin üç barmağı daim sapsarı olurdu. Kəndimizdə, demək olar ki, hamı Temir kişiyə hörmət edirdi. Ancaq mənim ondan xoşum gəlmirdi və dünyasını dəyişənədək belə oldu. Təbii ki, bu, səbəbsiz deyildi.
Yeddinci sinifdə oxuyurdum. Bir gün məktəbdən dönəndə gördüm ki, Temir kişi yolda dayanıb. Salam verib, yanından ötəndə o, dedi:
- A bala, bir dayan! Eşitmişəm Səidənin saçlarını yolmusan. Qulaqlarını çəkərəm, ha!..
Müəllimə də tapşırmışam, sabahdan sizi ayrı-ayrı partada otuzdursun. Qıza yaxın düşmə...
Səhəri günü sinifə girəndə Səidəni başqa partada oturmuş gördüm. Daha mən ona tərəf dönüb baxmadım da. Fikirləşdim ki, yəqin, Səidə məndən atasına şikayət edib. Çox sonralar eşitdim ki, Səidə yox, sinifimizdəki qara Səidə gedib onun anasına nə çatdırıbsa, Temir kişi də arvadının sözü ilə qabağımı kəsib. Amma Səidə yenə mehriban idi və başa düşmüşdüm ki, o, atasının mənə söylədiklərindən xəbərsizdi.
Kənd səkkizillik məktəbini bitirəndən sonra mən rayon mərkəzində oxudum və Səidəni demək olar ki, görmədim. Universitetə qəbul olunanda kənddəki sinif yoldaşlarım evimizə məni təbrikə gəlmişdilər. Səidə də onlarla idi. O, çox dəyişmişdi. Ağappaq çox gözəl bir qız olmuşdu. Uzun hörükləri tez-tez sinəsinə düşürdü. Çox az danışırdı. Uşaqlar sağollaşıb gedəndə Səidə susub mənə baxırdı. Mənə elə gəldi ki, o, mənə nəsə demək istəyir. Ancaq deyəcəklərini yoldaşların yanında dilə gətirməkdən çəkinir...
Mən birinci kursu bitirib kəndə gələndə Səidə qonşu kənddə qohumumuz olan Ağəlinin oğluna nişanlanmışdı...
Növbəti stansiyada düşməli idim. Vaqonun sərnişinləri isə mənim kimi yenə öz dünyalarında idilər. Mən, nədənsə, qarşıdakı stansiyada düşməyib, onlarla sonadək getmək istəyirdim. Çünki metro vaqonunda yaşadığım dəqiqələr mənə çox şirin gəlirdi və məni, az da olsa, gözəl çağlara qovuşdururdu. O, çağlara ki, o anları yenidən yaşamaq üçün "qalan günlərimi qurban verərdim".
Bir neçə dəqiqədən sonra mən narın yağış altında evə doğru gedirdım və yol boyu bu gecə qəzet üçün yaşacağım köşə yazısı barədə fikirləşirdim.

Səməd Məlikzadə

DİGƏR XƏBƏRLƏR

Top