“Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkili fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır:
“Biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm”.
Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı aviareyslərin qiyməti 70 manatdır. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alaraq, indiyə kimi bu pulun 20 manatını güzəşt olaraq, dövlət ödəyirdi. İyunun 6-da isə Baş nazir Əli Əsədov qərar imzalayaraq, bu güzəşti 10 manata endirib. Bu səbəbdən sərnişinlər biletlər üçün 50 manat yerinə 60 ödəməli olacaqlar.