"Etibar Əliyevə məxsus 5 mərtəbəli mülk vəzifəli şəxsə hədiyyə verilib"


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlqar Məmmədov və İlham Məmmədov ifadə veriblər.

Hər bir ifadə verən şahid deyib ki, Yasin Məmmədovun adına olan əmlakları vaxtilə onlar alıblar. Sadəcə, Yasin Məmmədovun adına rəsmiləşdiriblər.

Dövlət ittihamçısı isə deyib ki, Yasin Məmmədovun çox böyük obyektləri, evləri var. Vaxtilə həmin evlər, obyektlər Yasin Məmmədovun sərəncamına keçsə də, o, həmin əmlakları öz adına rəsmiləşdirməyib. Yaxın qohumlarının adlarına rəsmiləşdirib. Belə bir halda üzərinə həbs qoyulan əmlakların Yasin Məmmədovun özünə məxsus olmaması inandırıcı deyil.

Təqsirləndirilən Yasin Məmmədov çıxışında əksini sübut etməyə çalışıb, zərərçəkənlər İbrahim Zeynalovdan 8 milyon manat alınmasını, Əfsəl Həsənəliyev, Sərdar İsmayılov və digər şəxslərdən pul almasını danıb. Yasin Məmmədov həmçinin Mövlam Şıxəliyevlə düşmənçiliyinin, ədavətinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, istintaqa cəlb edilməsi Mövlam Şıxəliyevlə onun müavini olmuş Təhsin Ağayevin qurduğu torlar əsasında baş verib.

M.Şıxəliyev iddia edib ki, 1996-cı ildən “Stil” mebel mağazaları şəbəkəsi olub. Həmin şəbəkənin 70 faizi özünə, 30 faizi isə qohumuna məxsusdur. Onun sözlərinə görə, həmin şəbəkədən ayda 30 min manat gəlir əldə edib. Ümumilikdə, şəbəkədən 5 milyon qazanıb və adına olan əmlakları alıb. Mövlam Şıxəliyev Xaçmaz rayonunda yerləşən, yarısı ona məxsus olan “Çobanbulaq” İstirahət Mərkəzinin üzərinə həbs qoyulmamasının səbəbini də açıqlayıb. O deyib ki, istirahət mərkəzinin üzərinə həbs qoyulmaması yüksək vəzifəli məmurlardan birinin marağı çərçivəsində baş tutub.

Təqsirləndirilən V.Ələkbərov isə “Texnikabank”ın rəhbəri Etibar Əliyevə məxsus olan, Bakının “milyonçular məhəlləsində” yerləşən 5 mərtəbəli mülkün Baş Prokurorluğun yüksək vəzifəli şəxsinə hədiyyə verildiyini açıqlayıb. Həmin vəzifəli şəxsin adını çəkməyən təqsirləndirilən şəxs bildirib ki, son sözündə həmin şəxsin adını açıqlayacaq. V.Ələkbərov həmin mülkün bu gün də Baş Prokurorluğun rəhbər şəxsinin sərəncamında olduğunu xüsusi olaraq vurğulayıb.

Zərərçəkən Qulam Bağırov vurğulayıb ki, iştirak etmədiyi proseslərdə Sahib Ələkbərov onun barəsində şər-böhtan danışıb, özünü bu yolla təmizə çıxarmağa çalışıb: "Sahib Ələkbərov məni girov götürüb, evimi satdırıb. Üstəlik, ailəmi məcbur edib ki, evin pulundan əlavə çoxlu borclara girib 135 min dollar yığıb düzəltsinlər. Bu pulu Sahib Ələkbərov ailəmdən alıb. Bundan sonra Məhkəmə-Tibbi Ekspertizadan adıma saxta tibbi rəy yazdırmaqla girovluqdan azad edib. Saxta ekspert rəyini yazdıran Sahib Ələkbərovdur. Zərərçəkmişlərin hamısı, demək olar ki, eyni ağır xəstəlik diaqnozu qoyulmaqla azad ediliblər".

Digər zərərçəkən Sərdar İsmayılov deyib ki, o da xəstə olmadığı halda barəsində saxta rəy verilib və bu əməlin də Yasin Məmmədov tərəfindən həyata keçirildiyini vurğulayıb.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

DİGƏR XƏBƏRLƏR

Top