Mingəçevirdə "Son zəng" tədbiri keçirilib - Fotolar


Bu gün Mingəçevirin bütün orta ümumtəhsil məktəblərində son zəng mərasimi böyük təntənə ilə qeyd olunub.
Yeniavaz.com
xəbər verir ki, belə tədbirlərdən biri Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə baş tutub.
Məktəbin həyəti al əlvan rənglər, bayraqlar, güllər, müxtəlif aksesuarlar ilə bəzədilib. Son zəng tədbirində şəhərin İcra başçısı İlham İsmayılov, Mingəçevir şəhər Təhsil sektorunun müdir əvəzi Zamik Cəbiyev, valideynlər iştirak ediblər.
Tədbir Dövlət Bayrağının meydana gətirilməsi ilə başlayıb. Dövlət himni səsləndikdən və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra on birincilər meydana dəvət olunub.
Məktəbin direktoru Daşqın İbrahimov çıxış edərək 2021-2022-ci tədris ilində məktəbi 718 şagirdin başa vurduğunu bildirib. Onların arasında məzunların xüsusi yeri olduğunu vurğulayıb. Sonra məktəbin uğurlarından, əldə olunan nailiyyətlərdən bəhs edib. Onlara həyatda mübariz əhvali-ruhiyyə, təhsildə uğurlar arzulayıb.
Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitq ilə çıxış edərək Azərbaycan Respublikasında təhsilə, təhsil işçilərinə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri diqqət və qayğıdan söz açıb:.
“Bundan ruhlanan təhsil işçiləri məktəblərdə dərsin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə almalarına diqqət və qayğı ilə yanaşırlar. Bu gün fəxrlə qeyd etmək istəyirəm ki, Mingəçevir təhsili də bu uğurlardan geri qalmır, yeni-yeni nailiyyətlər əldə edir. Bu il şəhər məktəblərini başa vuran 968 məzunumuzun hər biri inanıram ki, öz müəllimlərinin etimadlarını doğruldub, yüksək nailiyyətlər əldə edəcək, daha böyük zirvələr fəth edəcəklər. Bütün məzunlarımıza uğrular arzulayır, bayramınız mübarək, deyirəm”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov eyni zamanda 15 iyun Milli Qurtuluş günündən də bəhs edib: Ulu öndər Heydər Əliyevin həyat yolundan, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Şəhər təhsil şöbəsinin sektor müdiri əvəzi Zamik Cəbiyev çıxış edərək məktəb kollektivlərinin bu ilki təhsil müddətində əldə etdiyi uğurlardan danışıb, məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
13 nömrəli tam orta məktəbin məzununun valideyni, şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva çıxış edərək məzunlara öz arzu və istəklərini bildirib, həyatda daim öndə olmağı arzulayıb.
Tədbirdə təhsil ilində fərqlənən şagirdlərə və müəllimlərə fəxri fərmanlar təqdim olunub. Birincilər on birinciləri salamladıqdan sonra meydan on birincilərə verilib: rəqs etdilər, mahnı oxudular, şənləndilər, “əlvida məktəb, biz səni unutmarıq doğma məktəb” dedilər. 





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top