Fransanın Strasburq şəhərində 6-10 iyunda azərbaycanlı və erməni gənc fəallar sülh mühitinin yaradılması, sülhə hazırlıq prosesi çərçivəsində müzakirələr aparmaq üçün görüşüblər.
Yeniavaz.com Mikroskopmedia-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan və Ermənistandan 10 gənc iştirak edib.
Məlumat üçün bildirək ki, toplantı barədə razılıq ötən ilin dekabrında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşündə əldə edilib.
Gənclərin görüşünü OFAJ (Fransa-Almaniya Gənclər Ofisi) təşkilatı “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində təşkil edib. Görüşdə Fransa və Almaniyadan olan gənc fəallar da iştirak ediblər.
Medianın və Fransa səfirliyinin yaydığı məlumatlarda Azərbaycanı 10 nəfər gənc fəalın təmsil edəcəyi bildirilsə də, onların siyahısı, hansı meyarlar əsasında seçildiyi açıqlanmayıb. Bu, sosial mediada müəyyən kəsim arasında müzakirələrə və tənqidlərə səbəb olub. Seçilmiş gənclərdən 26 yaşlı Asiman Qocayev görüşə hazırlaşdıqları barədə məlumat yaymışdı və onunla aparılan müzakirələrdə, digər iştirakçılardan Şücaət Əhmədzadə, Əli Güləliyev və Ayşən Muradovanın adı məlum olmuşdu.
Toplantının sonunda Fransa səfirliyi hələ ki hər hansı məlumat yaymayıb. Lakin gənclərdən Asiman Qocayev və Əli Güləliyev təəssüratlarını feysbukda yazaraq bölüşüblər. A.Qocayev tədbirin hər 2 ölkənin hökumətilə razılaşdırılmış qaydada baş tutduğunu, lakin iştirakçıların seçiminin açıq çağırış vasitəsilə təşkilatçılar tərəfindən həyata keçirildiyini qeyd edib:
“Tədbir qeyri-formal xarakter daşıyırdı. Təşkilatçılar əsasən ümumi məsələrə toxunmağa çalışdığından heç bir halda Azərbaycan və Ermənistan arasındakı siyasi münasibətlərlə bağlı birbaşa müzakirələr aparılmadı. Böyük ehtimalla bu cür spesifik məsələlər növbəti görüşlərdə siyahıya daxil ediləcək”.
Fəal toplantıda Qarabağdan olan erməni gənclə mübahisə yarandığını da qeyd edib:
“Xocavənddən olan erməni iştirakçının bu görüşlərdə üçüncü tərəf kimi Qarabağda yaşayan gənclərin də iştirak etməsinin mümkünlüyü ilə bağlı təklifi ətrafında kiçik mübahisə yaransa da, görüş ümumilikdə müsbət axarda keçdi”.
Gənc fəal vurğulayıb ki, məzmun və logistik məsələrdəki çatışmazlıqlar təşkilatçıların diqqətinə çatdırılıb.
Digər iştirakçı Əli Güləliyev Azərbaycan tərəfini kifayət qədər müstəqil gənclərin təmsil etdiyini bildirib:
“Hesab edirəm ki, iki ölkədən olan müstəqil gənc fəalların bir araya gətirilməsi davam etdiriləcək və müxtəlif media və vətəndaş cəmiyyəti nümayəndələri bu cür müzakirələrdə iştirak edəcəklər”.
O, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair aparılan müzakirələr səmərəli keçdiyini vurğulayıb.