Yazdığı statusa görə saxlanılan şəxs sərbəst buraxıldı


Feysbukda yazdığı statusa görə polisə aparılan Nehrəm qəsəbə sakini Vəfadar Eyvazov iyunun 11-də gecə saatlarında sərbəst buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a onun özü məlumat verib.
"Axşam saat 22 radələrində məni evdən götürüb, Babək rayon Polis Şöbəsinə apardılar. Polis məni aparana qədər fürsət tapıb bəzi dostları məlumatlandıra bildim. Onlar hadisəni anında ictimailəşdirib və mətbuat da müdaxilə edib. Bundan sonra dərhal sərbəst buraxıldım", - V. Eyvazov bildirib.
O deyir ki, məsələ dərhal ictimailəşdiyindən, polislər onunla çox da kobud davranmayıblar:
“Əvvəlcə bir otağa saldılar, statusuma görə sorğu-sual elədilər. Çox keçmədən bayıra çıxarıb dedilər ki, burada gözlə. Sonra isə avtomobilə mindirib, haradan götürmüşdülərsə ora da qaytardılar. Dedilər ki, sabah özün gələrsən. Növbəti gün getdim, dedilər daha ehtiyac yoxdur, lazım olsa, zəng edib çağıracağıq. İndi evdəyəm normal qaydada işlərimlə məşğul oluram. Dəstək olan media nümayəndələrinə və dostlara təşəkkür edirəm”.
Vəfadar Eyvaz saxlanıldıqdan sonra Babək Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq mümkün olmamışdı.
"Müdafiə Xətti" İnsan Haqları Təşkilatından daxil olan məlumata görə, qurumun əməkdaşı Zaur Əkbər adıçəkilən idarə ilə əlaqə saxlayıb, Vəfadar Eyvazovun saxlanma səbəbi ilə maraqlanıb. İdarədən, protokol qaydalarını bəhanə gətirərək, Vəfadar Eyvazovun saxlanılma səbəbi haqda ətraflı məlumat verməyiblər.
Həmçinin oxuyun: "Nehrəm sakini yazdığı statusa görə polisə aparılıb"

DİGƏR XƏBƏRLƏR

Top