"Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq" - De Byazi


Komanda olaraq UEFA Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə baxımından üstün olsa da, onlara qarşı da yaxşı oynadıq. Ən azından heç-heçə edə bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik.

Yeniavaz.com xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü tur oyunundan əvvəl iyunun 12-də təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, sabah Belarus üzərində qələbə qazanmalıyıq. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Var gücümüzü qoyacağıq ki, qalib gələk.
"Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura bilmədik, qalib gələ bilmədik. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalıdır, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub", - deyə Canni de Byazi əlavə edib.
Qeyd edək ki, iyunun 13-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top