Dörd evdən 113 minlik oğurluq etdi


Bakıda Nərimanov rayonunda yerləşən mənzillərdən 113 min manatlıq oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən bir vətəndaş evdən 60.000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3000 manat olan xəz dərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50.000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Araşdırmalarla oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq əməllərinə görə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. N.Əliyev izahatında etdiyi oğurluqları etiraf edib. 
Faktlarla bağlı cinayət işi başlanılıb. Niyaməddin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top