Bakuvinin türbəsini ziyarətə görə ödəniş tələb edilir


Şirvanşahlar saray kompleksində yerləşən Azərbaycanın mənəvi fikir tarixinin, Şərqin, dünyanın düşüncə yönünə təsir edən, böyük sufi şeyxi Seyid Yəhya Bakuvinin türbəsini (məzarını) ziyarətə görə ödəniş tələb edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Elmin Nuri sosial şəbəkə hesabında paylaşım edib.
E. Nuri bildirib ki, Şirvanşahların cənub həyətindəki Şeyxin məzarı ziyarətçilər üçün hər zaman ödənişsiz olub:
“İnsanlarımız üçün mənəvi mərkəz rolunu oynayan türbəyə giriş sərbəst olsa da, haradasa 10 gündür ki, bu qayda artıq aradan qaldırılıb. Məsələ bir çoxları üçün heç pulda da deyil - hər halda, 2 manatı ödəmək çətin iş sayılmaz, o da hamı üçün yox. Amma UNESCO-nun 2013-cü ildə İlin adamı elan etdiyi, dünya miqyasında tədbirlərin keçirilməsi ilə bağlı qərar verdiyi Şeyx Bakuvi hər birimiz üçün tam başqa bir anlam daşımalıdır. Uşaqların, yeniyetmələrin Şeyxlə mütəmadi “görüşü” üçün girişin yenidən sərbəst edilməsini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəhbərliyindən xahiş edirik”.
Qeyd edək ki, Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulub. Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilmişdi. Bakuvi ömrünün qırx ildən çoxunu Bakıda keçirib. Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir.

DİGƏR XƏBƏRLƏR

Top