"Dövlət qurumları qulaqları kəsib sonra saymağa başlayırlar"


“Bu ilin yanvar-aprel aylarında ölkəmizə 206 min 50 nəfər xarici turist gəlib, turistlərin ölkələr üzrə adambaşına xərclərinə baxanda ən çox Kanada vətəndaşları pul xərcləyiblər – cəmi 279 kanadalı turist gəlib, onların adambaşına xərclədiyi vəsait 2806 manat olub, ikinci yerdə ABŞ vətəndaşlarıdır – cəmi 1438 turist gəlib, adambaşına 2684 manat pul xərcləyiblər. Sonrakı yerlərdə: Qətər – adambaşına 2615 manat, Yaponiya – adambaşına 2374 manat, Avstraliya – adambaşına 2146 manat, AB ölkələri – 1944 manatla 1600 manat arası. Ən az pul xərcləyənlər isə Gürcüstan (adambaşına 490 manat), Türkmənistan (adambaşına 710 manat) və Qırğızstandır (adambaşına 904 manat)”.

Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
“Bahalı, çox pul xərcləyən turistlər gələn ölkələrə Azərbaycan hələ də viza tədbiq edir, doğrudur, prosedur xeyli asanlaşıb, elektron viza da var, amma ABŞ, Kanada, Yaponiya, AB ölkələrinə niyə viza olmalıdır ki?! Bunun səbəbi, məqsədi nədir?! vizanı o ölkələr tədbiq edir ki, gələnlərə nəzarət etsin, heç kim pasportunu cırıb, məsələn, ABŞ-da, AB ölkələrində qalmasın – yaxşı biz niyə tədbiq edirik ki?! Amerikalı Con, fransalı Mişel, yaponiyalı Şinzo Bakıya çatan kimi gördüyü şəraitdən ağlını itirib pasportunu gəmirib burada qalmağa çalışacaq?! Axı bir tək elə vizaya görə, məsələn, Gürcüstana (bu ölkə ABŞ, Yaponiya və AB ilə vizaları 2006-dan ləğv edib) gələn avropalı və amerikalılar Bakıya gələ bilmirlər, halbuki, viza olmasa (həm də AZAL normal işləsə, quru sərhədlər açılsa) regiona gələn turistlər həm Tbilisini, həm də Bakını görmək istəyərdilər (şəxsən mən onlarla dəfə belə hadisələrdən şikayət edən xarici vətəndaşlar görmüşəm). 
Kimsə bunun təhlükəsizliklə izah etməyə çalışsa, inanmayın – onsuz da viza ilə də, vizasız da ölkə gələnlər nəzarətdən keçib sonra məmləkətə buraxılırlar, kimdənsə şübhələnsələr ölkəyə buraxmasınlar, olsun-bitsin bu iş, daha viza nəyə lazımdır ki?! Gürcüstan 16 ildir bir çox ölkələrlə vizanı ləğv edib, bəyəm təhlükəsizliklə bağlı problemlər yaşayır?!
Bu lap məşhur lətifədə olan kimi qulaqları kəsib sonra saymağa bənzəyir – bizim dövlət/hökumət qurumlarının bir çoxu məhz o lətifədə olan prinsiplə çalışırlar...”, - N. Cəfərli qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top