Moskvanın 1/3-ni ərzaqla təmin edən azərbaycanlı iş adamı istefa verdi


Xəbər verdiyimiz kimi, bir həftə əvvəl ABŞ-ın Rusiya hökumət rəsmilərinə və iş adamlarına qarşı bir sıra yeni maliyyə və diplomatik sanksiyalar tətbiq edib və sanksiyalar siyahısında Azərbaycan əsilli iş adamı Qod Nisanov da var. 
Yeniavaz.com xəbər verir ki, bu sanksiyadan sonra Qod Nisanovun nümayəndələri “Olimpiyskiy İdman Kompleksi"nin yenidən qurulması layihəsindən geri çəkildiyini bəyan ediblər. 
Q. Nisanovun nümayəndələrinin verdiyi açıqlamada qeyd olunur ki, 8 iyun 2022-ci ildə Qod Semenoviç Nisanov "Olimpiyskiy İdman Kompleksi" ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib.
Məlumat üçün bildirək ki, Qod Nisanov fəaliyyətini dayandıran “Olimpiyskiy İdman Kompleksi"ni 2017-ci ildə alıb. Kompleksin təmirinə 2019-cu ildə başlanılıb. 
Onu da qeyd edək ki, “Olimpiyskiy İdman Kompleksi" 1977-1980-ci illərdə Moskva şəhərində inşa olunub. 2017-ci ilə kimi – “Paris La Defensa Arena”sı istifadəyə verilənə qədər “Olimpiyskiy İdman Kompleksi" Avropanın ən böyük qapalı idman arenası olub. Kompleksin ümumi sahəsi 54 min 887 kvadrat metr olub.  
“Forbes” nəşrinin sonuncu məlumatına görə, 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olan Qod Nisanov daşınmaz əmlak biznesində Rusiyanın ən çox gəlir əldə edən iş adamıdır. Nisanovun biznes imperiyasına “Evropeisky” ticarət mərkəzi, “Şelkovskiy” çoxfunksiyalı ticarət-nəqliyyat mərtkəzi, “Naqatinskaya” nəqliyyat mərkəzi, “Moskva” avtomobil satış mərkəzi, “Food City” kənd təsərrüfatı məhsullarının satış bazarı, “Depo Lesnaya” və “Mərkəzi bazar” adlı nəhəng qastro mərkəzlər, “Radisson Collection Hotel Moskva” və digər obyektlər daxildir.
Rusiya mətbuatının yazdığına görə, 85 hektar ərazidə yerləşən “Food City” bazarı hazırda Rusiya paytaxtının kənd təsərrüfatı məhsullarına olan tələbatının 1/3-ni ödəyir. “Forbes”in son siyahısnda Qod Nisanovun 1 milyard 300 milyon dollar sərvətinin olduğu və Rusiya milyarderləri arasında 72-ci sırda qərarlaşdığı qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top