Nəsir Əhmədli vəfat etdi


Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.

Yeniavaz.com xəbər verir ki, N. Əhmədli bu gün uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
O, Tovuzda dəfn olunacaq.
Allah rəhmət eləsin.
Qeyd edək ki, Nəsir Əhmədli 1 iyul 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb. Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında çalışıb. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir. 1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. "Jurnalistin nitq mədəniyyəti” kitabına görə "Media açarı-2006” mükafatına, 3-cü dərəcəli "Əmək ordeni"nə, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top