
Şəhid İlqar Kişiyev adına Mingəçevir şəhəri 17 saylı tam orta məktəb son dövrlər təhsildə əldə etdiyi nailiyyətlərə görə diqqət çəkir. Hər il bu məktəbi bitirən onlarla məzun yüksək balla ali məktəblərə qəbul olur. 30 yaşlı bu təhsil ocağını bitirən məzunlar bu gün ölkə üzrə yüksək vəzifə sahibləridir.
Yeniavaz.com xəbər verir ki, məktəb məzunlarından nəinki ölkəmizin nüfuzlu universitetlərində eyni zamanda xarici ölkə universitetlərində də təhsil alanlar var.
Məktəbin direktoru Ceyhun Atayevin sözlərinə görə, təhsildə nailiyyət əldə etməyin ən vacib məqamı tədrisə, məktəbə, şagirdə sevgi və qayğı ilə yanaşmaq, daim yenilik axtarışında olmaq, öz üzərində müntəzəm çalışmaqdır:
“Müəllim gərək həmişə, hər gün öz biliyi, savadı, sahəsi üzərində çalışsın, yenilikləri öyrənsin. Başqa bir səbəb isə müəllim, məktəb, valideyn birliyini qurmaq və bu birlikdən səmərəli istifadə etməkdir. Əlbəttə ki, dövlətin təhsilə qayğısı da önəmli faktorlardandır ki, bunu hər kəs görür və hiss edir. Bugünkü qaliblərimiz iki bacı və Biologiya fənnindən iki gümüş medalçı olan Fidan və Mələk bacılarıdır”.
Fidan Atayeva məktəbin 8-ci sinif şagirdidir. Bacısı Mələk isə 7-ci sinifdə təhsil alır. Onların əldə etdiyi bu uğura gedən yolu onların özündən və Bilogiya müəllimləri Günay Kərimovadan dinlədik.
Kərimova Günay Elman qızı İ. Kişiyev adına 17 №-li tam orta məktəbdə biologiya fənnini böyük həvəslə tədris etdiyini dedi:
“İki ildir ki, istedadlı şagirdlərimlə Respublika Fənn Olimpiadasına və Respublika Fənn Müsabiqəsinə qatılırıq. Ötən dərs ilində məktəbimizin IX sinif şagirdi Cəfərli Elvin gümüş medal, VIII sinif şagirdi Atayeva Fidan bürünc medal əldə etdilər. Bu il isə Respublika Fənn Olimpiadasında 3 şagirdim, X sinif şagirdi Cəfərli Elvin, IX sinif şagirdi Nəsibli Ləman və VIII sinif şagirdi Atayeva Fidan iştirak edib finala vəsiqə qazanıblar”.
Qeyd edək ki, bundan başqa məktəbin VII sinif şagirdləri Atayeva Mələk, Məmmədli Nuray və Məmmədli Məryəm biologiya fənni üzrə Respublika Fənn Müsabiqəsində iştirak ediblər. Atayeva Mələk gümüş medal qazanaraq Respublika ikincisi olub.
VIII sinif şagirdi Fidan Atayeva 2021-2022-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə II yeri tutaraq gümüş medal qazanıb.
O, bu uğura görə biologiyanın sirlərini ona öyrədən, sevdirən sevimli Günay müəllimə minnətdarlığını bildirib.
Fidan deyir ki, o, biologiya üzrə Respublika Fənn Müsabiqəsində ötən tədris ilində bürünc, bu il isə gümüş medal qazanıb. Ümid edir ki, gələcəkdə məktəbə qızıl medal da gətirəcək.
Atayeva Mələk Polad qızı isə VII sinifdə oxuyur. Biologiya fənninin tədrisinə başladığı gündən onda bu fənnə böyük maraq yaranıb. Mələk qarşısına qoyduğu məqsədə nail olub. Bu il VII siniflər arasında keçirilən Respublika Fənn Müsabiqəsində II yeri qazanaraq gümüş medal qazanıb. Gələcəkdə bundan da böyük uğurlar əldə edəcəyinə söz verib.


Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz