"Naxçıvanda Nazirlik pulumuzu kəsib, şikayət edəndə işdən çıxarırlar"


Naxçıvanda ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan həvəsləndirici maaşın mənimsənildiyi bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup müəllim məlumat verib.
Bildirilib ki, həvəsləndirici maaş mərkəzdən uzaqda yerləşən kənd məktəbləri üçün nəzərdə tutulur və məsafədən asılı olaraq 60 və 120 manat arasında dəyişir. Azərbaycan qanunlarına görə, MİQ müsabiqəsi vasitəsilə belə məktəblərə işə qəbul olunan, yaşı 35-dək olan gənc müəllimlərə maaşdan əlavə bu məbləğ də ödənməlidir.
Sikayətçi müəllimlər isə deyib ki, 2018-ci ildən bəri Naxçıvanda bu pul mənimsənilir.
Ordubaddakı ucqar kəndlərin birində 5 ildir müəllim işləyən N. Həmzəyev deyib ki, həvəsləndirici pulu cəmi bir il ala bilib:
“2017-ci ildə işə qəbul olunmuşam. Çalışdığım kənd məktəbi üçün maaşdan əlavə 120 manat aylıq həvəsləndirici məbləğ nəzərdə tutulub. Bu pulu cəmi bir il ala bildim. 2018-ci ildə Naxçıvan Təhsil Nazirliyi bu pulu kəsdi. Necə olur ki, Azərbaycanın digər bölgələrində bu günə kimi verilir, Naxçıvanda yox. Deməli, bu pullar mənimsənilir. Şikayət etmək istəyəndə də işdən çıxarmaqla hədələyirlər”.
Təhlükəszliyi üçün adının çəkilməsini istəməyən digər müəllim isə deyib ki, o, nəzərdə tutulan maaşın “üzünü də görməyib”:
“2020-ci ildən həvəsləndirici maaş nəzərdə tutulan məktəblərin birində işləyirəm. İndiyə kimi bir qəpik də almamışam. Bu pul ona görə nəzərdə tutulub ki, ucqarlara getmək üçün yol pulumuz, yaxud oradakı mənzil kirayə haqqımız qarşılansan. Hamısını mənimsəyib ciblərinə qoyurlar. Hər ay bizdən mənimsənilən pul kiçik məbləğ deyil. Naxçıvanda həvəsləndirici maaş nəzərdə tutulan yüzlərlə müəllim var. O pulları büdcədən silib, ciblərinə qoyurlar”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlikdən müəllimlərin iddialarına cavab vermək istəməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top