“Azərbaycan qazına tələbat kəskin artıb”


“Azərbaycan qazına olan tələbat kəskin artıb”.

Yeniavaz.com Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.

Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb.

“SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə fərqlidir. Azərbaycan qazına olan tələbat kəskin artıb və əlbəttə ki, bu nəzərə alınmalıdır.

Eyni zamanda, bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. İstehsalı artırmaq və mövcud infrastrukturu genşləndirmək üçün ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə işləmək lazımdır. Bu, bizim yaxın illər üçün planlarımıza daxil deyildi. Çünki Cənub Qaz Dəhlizi inteqrasiya olunmuş qaz nəqli sistemidir. Son seqment olan Trans-Adriatik qaz kəmərinin həcmi illik 10 milyard kubmetr qaz təşkil edir. Lakin hazırda tələb yüksək olduğundan bu həcmin artırılması üzərində düşünürük. Amma bunun üçün vaxt, böyük maliyyə xərcləri, maraqlı tərəflərlə sıx əlaqə və əməkdaşlıq, fəal dialoq tələb olunur. Biz buna hazırıq. Energetika nazirinə və SOCAR-a artıq təlimat vermişəm. Biz fəal danışıqlar prosesindəyik. Bu məsələ Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gəlmiş bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri ilə də müzakirə edilə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top