“Gələcəkdə Paşinyan Azərbaycana gələ bilər” - Deputat


“Əgər sülh müqaviləsi imzalanarsa, münasibətlər normallaşarsa, təmaslar artdıqdan və qarşılıqlı etimad mühiti yarandıqdan sonra, dərhal olmasa belə, gələcəkdə beynəlxalq tədbirlər çərçivəsində Baş nazir Nikol Paşinyan Azərbaycana gələ bilər. Birmənalı olaraq deyə bilərəm ki, Ermənsitandan Azərbaycana gələ bilməyəcək iki nəfər var: Robert Köçəryan və Serj Sarkisyan. Onların əli Azərbaycan xalqının qanına batıb. Bu iki hərbi cani Xocalı soyqırımını törədən şəxslərdir, təşkilatçılardır, Azərbaycana heç bir halda gəlmələri mümkün deyil. Onlar həbs olunmalı, beynəlxalq tribunal qarşısında törətdikləri cinayətə görə məsuliyyət daşımalıdırlar. Təbii ki, bu siyahını böyütmək də olar…”

Yeniavaz.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, post-müharibə dövrünün əsas hədəfi Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasıdır:
“Bu istiqamətdə ardıcıl addımlar atılır. Ermənistan Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipini qəbul edir. Artıq qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində addımlar atılır. Əsas məqsədlərdən biri odur ki, yaxın perspektivdə vətəndaş cəmiyyəti arasında təmaslar başlasın, ekspertlər arasında ünsiyyət yaransın. Son 30 ildə ilk dəfədir ki, xarici işlər nazirləri səviyyəsində telefon danışıqları baş tutub, hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa kontaktlar mövcuddur, 3 dəfə Moskvanın, 3 dəfə də Brüsselin təşəbbüs və vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın siyasi liderləri görüşüblər. Xalq diplomatiyasından istifadə əsas hədəflərdəndir. Göründüyü kimi, bütün bu addımlar nəticə etibarilə iki dövlət arasında sülh müqaviləsinin imzalamasını şərtləndirmək məqsədi daşıyır. Bu, bizim hədəfimizdir. Çünki daimi düşmənçilik etmək də mümkün deyil. Ermənistanla sülh müqaviləsi imzalamağımız həm bizim üçün, həm Ermənistan üçün olduqca vacibdir. Çünki Ermənistanın gələcək taleyi bundan çox asılıdır. Təbii ki, sülh müqaviləsi imzalasaq belə, Xocalını heç vaxt yaddan çıxarmayacağıq. Ermənilərin törətdikləri vəhşilikləri, vandalizmi, Azərbaycanın tarixi abidələrini yerlə yeksan etməsini unutmayacağıq. Ermənistanın Azərbaycana qarşı törətdiyi etnik təmizləmə, soyqırım siyasətini unuda bilmərik. Tarix bunu bizə bağışlamaz. Amma eyni zamanda onun da fərqindəyik ki, həyat davam edir, daimi düşmən ola bilmərik. Təmaslar labüddür. İkitərəfli münasibətlərdə regiona sülh gətirəcək yeni səhifə açılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top