Azərbaycanda seçicilərin sayı niyə kəskin artıb? – MSK-dan fərqli hesablama


Xəbər verdiyimiz kimi
, dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 401 min 955 şəxs var. Bu seçicilərdən 3 milyon 20 min 387 nəfəri kişi, 3 milyon 381 min 568 nəfəri isə qadındır.

Yeniavaz.com xəbər verir ki, MSK-nın daha əvvəl – 2019-cu ildə açıqladığı məlumatda Azərbaycanda səsvermə hüququ olan 5 milyon 212 min 902 şəxsin olduğu bildirilib.
Rəqəmlərdən də göründüyü kimi son 3 ildə seçicilərin sayı 22,8% və ya 1 milyon 189 min 53 nəfər artıb. 
Maraqlıdır ki, əvvəlki illərdə açıqlanan məlumatlarda səsvermə hüququ olan seçicilərin sayında bu cür kəskin artım olmayıb. 
Aşağıdakı cədvəldə 2015-2022-ci illərdə səsvermə hüququ olan seçicilərin sayı ilə əhalinin sayı qeyd olunub:

Onu da bildirək ki, Dövlət Statistika Komitəsi açıqladığı əhalinin yaş qrupları üzrə məlumatlarda 0-18 yaş arası insanların sayını deyil, 0-19 yaş arası insanların sayını açıqlayır.
Açıqlanan məlumatlardan belə görünür ki, 2015-2021-ci illər arasında 0-19 yaş arası əhalinin sayında heç bir dəyişiklik olmayıb. 2015-ci ildə Azərbaycanda 0-19 yaş arasında 2 milyon 877,6 min, 2021-ci ildə isə 0-19 yaş arasında 2 milyon 885,3 min əhali olub. Hətta, 2015-2021-ci illərdə 15-19 yaşlı əhalinin sayında azalma olub. 2015-ci ildə Azərbaycanda 15-19 yaş arasında 724,9 min əhali olduğu halda, 2021-ci ildə isə 15-19 yaş arasında 624,5 minə düşüb.
2015-2021-ci illərdə yaşı 19-dan yuxarı olan (seçicilər) əhalinin sayı isə 7,8% və 526,7 min nəfər artıb.

Rəsmi məlumatlardan belə görünür ki, son 7 ildə seçki hüquqi olan vətəndaşların sayı davamlı olaraq artır. Lakin, bu artım yalnız MSK-nın dünən açıqladığı siyahıda əks olunub. Belə görünür ki, əvvəlki seçkilərdə seçici siyahıları onların real sayından daha az göstərilib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top