“Azərişıq”ın Qarabağ macəraları və ya “tenderin iki adaxlısı var...” - Faktlar


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin qalibləri məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” ASC tərəfindən keçirilən 18,2 milyon manat dəyərindəki 2 tenderin qalibləri “Enerjı Constructıon” MMC (VÖEN-1006319251) və “Smart Energy Services” MMC (VÖEN-1504953841) olub.
“Enerjı Constructıon” MMC Füzuli şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Füzuli" Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, həmçinin 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işləri üçün “Azərişıq”dan 6 milyon 611 min 605 manat 45 qəpik alacaq.
“Smart Energy Services” MMC isə Ağdam şəhərinin ilkin mərhələdə elektrik təchizatının təmin olunması məqsədilə 2 (iki) ədəd (TM №1 və TM №2) 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işləri üçün “Azərişıq”dan 11 milyon 637 min 560 manat 21 qəpik alacaq.

Tenderin qalibi olan şirkətlərlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu şirkətlərin adına yalnız tender müsabiqələrində rast gəlmək mümkündür. Açıq internet resurslarda bu şirkətlər barəsində heç bir məlumat yoxdur. Şirkətlərin nə saytı, nə də sosial şəbəkə hesabları var.
Bundan başqa hər iki şirkət təxminən eyni tarixlərdə dövlət qeydiyyatına alınıblar. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, “Enerjı Constructıon” MMC 13.01.2020-ci ildə 100 manat nizamnamı kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Yusifli Yusif Eldar oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Biləcəri ŞTQ, Natəvan, ev 2”də yerləşir. 

Maraqlı məqam odur ki, “Enerjı Constructıon” MMC şirkət dövlət qeydiyyatına alınan zaman adı “Dost Group” MMC olub. MMC-nin adının nə zaman dəyişdirildiyi barədə açıq mənbələrdə məlumat olmasa da, hazırda bu şirkət “Dost Group” MMC adı ilə də tenderlərdə qalib olur. Bu ilin mart ayında “Azərişıq” ASC-nin keçirdiyi 4 milyon 928 manat 215 manat 66 qəpiklik tenderin qalibi “Dost Group” MMC olub.
Eyni VÖEN (1006319251) ilə qeydiyyata alınan “Enerjı Constructıon” MMC və “Dost Group” MMC-nin qalib olduqları tenderləri “Azərişıq” ASC eyni gündə 31.03.2022-ci il tarixində elan edib.

Tenderin qalibi olan digər şirkət “Smart Energy Services” MMC 29.01.2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir. 
“Enerjı Constructıon” MMC kimi “Smart Energy Services” MMC-də dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub.
Daha əvvəl Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub. Digər şirkətlər kimi “R and X” MMC-nin də adına yalnız müxtəlif tender müsabiqələrində rast gəlmək mümkündür.
“R and X” MMC ilə bağlı maraqlı tender müsabiqələrindən biri 2019-cu ildə keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 286 min 105 manat 16 qəpik dəyərində tender müsabiqəsini “R AND X” MMC şirkəti udub.
Tenderin şərtinə görə “R AND X” MMC AMEA üçün “Elmi-tədqiqat işləri”ni həyata keçirib. “R AND X” MMC  2019-cu ildə Abşeron rayon İcra Hakimiyyətinin də tender müsabiqəsinin qalibi olub. Şirkət İcra hakimiyyətindən 24 min 623 manat 36 qəpik alaraq Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli 9 mərtəbəli 8 bloklu yaşayış binasında mənzil daxili sanitar qovşaqlarında kanalizasiya xətlərinin təmir işlərini həyata keçirib. əcək.
Göründüyü kimi, cəmi bir-neçə ay ərzində eyni şirkət həm kanalizasiya xətlərinin təmir edib, həm də “Elmi-tədqiqat işləri”ni həyata keçirib.

Şıxıyev Rəşad İsa oğlunun qanuni təmsilçi olduğu daha bir şirkət “Energo” MMC adlanır. 07.07.2020-ci ilə 100 manat nizamnamı kapitalı ilə qeydiyyata alınan şirkətin adına yalnız “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqələrində rast gəlmək olur.

Onu da qeyd edək ki, hazırda “Azərişıq” ASC-dən 11,6 milyon manatlıq tender udan “Smart Energy Services” MMC-nin dövlət büdcəsinə 4 min 259 manat 78 qəpik vergi boru var. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.



Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top