Bir aydır DİN-in bu məsələ barədə məlumatı yoxdur


Xəbər verdiyimiz kimi, aprelin 25-də sosial şəbəkələrdə “Lexus” markalı avtomobilin sürücüsü Sultan Dadaşovun moped sürücüsünə qarşı zorakılığını əks etdirən kadrlar yayılmışdı. Həmin ərəfədə mətbuatda həm də Prezident Administrasiyasının əməkdaşı olan Sultan Dadaşovun 25 sutka həbs olunduğu yazılmış, Daxili İşlər Nazirliyi isə bu barədə onlarda məlumat olmadığını əsas gətirərək məsələ ilə bağlı açıqlama verməkdən imtina etmişdi. Nə hadisənin baş verdiyi günlərdə, nə də daha sonra heç bir qurum rəsmi olaraq məsələyə münasibət bildirdi. Bu gün artıq hadisənin görüntülərinin sosial şəbəkələrdə yayılmasından bir ay ötür. Hadisənin hüquqi nəticələri barədə rəsmi məlumat almaq üçün yenidən hüquq mühafizə orqanlarına müraciət etdik.
Məsələ ilə bağlı Yeniavaz.com-un Baş Prokurorluğa ünvanladığı müvafiq sorğuya qurumun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov cavab verdi. O bildirdi ki, sözügedən hadisə inzibati xətadır və burada prokurorluq orqanları hər hansı tədbir görə bilməz. K. Zeynalov aidiyyəti məsələ ilə bağlı tədbir görməli olan qurumun Daxili İşlər Nazirliyi olduğunu bildirdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamasında bildirdi ki, bu barədə onda heç bir məlumat yoxdur.
Xatırladaq ki, hadisənin baş verdiyi ərəfədə də, DİN müvafiq sorğumuza eyni məzmunda cavab vermişdi.
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top