“Mən Mingəçeviri teatral şəhər hesab edirəm”


31 yanvarda prezident mükafatçısı, tanınmış aktyor Vüsal Mehrəliyev mədəniyyət naziri Anar Kərimovun imzaladığı müvafiq əmrə əsasən Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, o, təyinatından keçən 4 ay ərzində mingəçevirlilərə 3 tamaşa təqdim edib.
Balaca tamaşaçılar da yaddan çıxmayıb.
Belə ki, hazırda Mingəçevir Dövlət Dram Teatrında Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-poemasının məşqləri gedir.
Vüsal Mehrəliyevlə həmsöhbət olub, ona bir neçə sual ünvanladıq. Baş rejissor bildirdi ki, hazırda bütün bölgələrdə aktyor, aktrisa qıtlığı yaşanır:
“Bəri başdan deyim ki, ümumən, truppa barədə rəyim yüksəkdir və ən əsası odur ki, bu truppa işləmək istəyir. Amma Mingəçevir teatrının yaradıcı heyətinin nəsilləri arasında qırıqlıq var. Məsələn, 30-50 yaşdan yuxarı xanımlar çalışırlar, amma 30 yaşdan aşağı yoxdur (Əgər paytaxtdan bölgə teatrlarına aktyor ya aktrisa gəlmirsə, bu onların öz problemləridir). Bu da bizə problem yaşatmasın deyə universitetlərdə, kolleclərdə təhsil alan, özünün aktyorluğa marağı olan gəncləri teatra gətiririk və onlarla işləyirik. Teatra potensiallı gəncləri dəvət etmək və onları yetişdirmək mütləqdir”.
Heç bir problemin onu qorxutmadığını vurğulayan həmsöhbətimiz daha sonra əlavə etdi:
“25-30 ilə yaxın aktyor kimi çalışmışam, indi də rejissorluq fəaliyyəti ilə məşğulam. Gördüyüm problemləri də həmişə yerindəcə həll etməyə çalışıram. Sağ olsun teatrın rəhbərliyi, əməkdaşları onlar mənə inanırlar. Odur ki, problemlərin həllində mənə yardımçı olurlar”.
Tamaşaçılara gəldikdə isə baş rejissor bunları dilə gətirdi:
“Mingəçeviri teatral şəhər hesab edirəm. Düşünürəm ki, sadəcə biz Mimgəçevir tamaşaçısı ilə teatr arasında bir körpü yaratmalıyıq. Tamaşaçı teatra gəlməyinə peşman olmamalıdır. Tamaşadan zövq almalıdır. Tamaşaçı deməli deyil ki, bu nədir, gəldim vaxtım boş yerə hədər getdi. Tamaşaçı həmişə haqlıdır, böş söhbətdir ki, teatrda tamaşaçı yoxdur. Teatrın rəhbərliyi öz kontingentini, öz şəhərinin tamaşaçısını tanımalıdır, onlarla ünsiyyət yaratmalıdır. Məsələn, mən teatrda belə bir təklif irəli sürmüşəm: sosial şəbəkələrdə bizi izləyən aktiv tamaşaçıların əlaqə nömrələrini götürüb onlara teatrın bütün repertuarı barədə hər həftə məlumat göndəririk”.
Vüsal Mehrəliyev qarşıdakı planlardan da söz açdı. Bildirdi ki, mingəçevirliləri yeni sürpriz tamaşalar gözləyir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top