“Təsdiq edirsiniz ki, Vilayət Eyvazov dırnaqarası hüquqşünaslarla təmasda olub?”


“Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Müsəlman Birliyi Hərəkatı (MBH) üzvlərinin polis tərəfindən zorakılığa məruz qalması iddialarına cavab verərəkən onun təşkilatında təmsil olunan hüquq müdafiəçilərini dırnaqarası hüquqşünas adlandırmasına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, ötən gün “Müdafiə xətti” ilə “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin) polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını iddia edən MBH üzvlərinin birgə keçirdiyi mətbuat konfransının detalları barədə açıqlama verib və DİN-in tədbirə mane olmağa cəhd göstərdiyini iddia edib:
“E. Zahidovun açıqlamasına yenidən qayıdacağam, amma hələlik DİN-i belə əcaib açıqlama verməyə vadar edən səbəbə, ya da səbəblər toplusuna aydınlıq gətirmək istəyirəm.
Tamamilə saxta ittihamlarla mühakimə olunub, 6 il müddətinə azadlıqdan məhrum edilən Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etmək istəyən əqidədaşları polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan MBH-nin 3 üzvü - İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev inzibati qaydada həbs ediliblər.
MBH-nin 2 üzvü - Süleyman Ələkbərov və Mail Kərimov bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıblar, polis idarəsində ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Əlbəttə, “Müdafiə Xətti” olaraq dərhal işgəncəyə məruz qalanlarla əlaqə yaratdıq.
MBH-nin sədr müavini Elçin Qasımova zəng edib, birgə mətbuat konfransı təklif etdik.
Razılaşdıq.
Dünən səhər saatlarında Elçin bəyi polis bölməsinə dəvət etdilər ki, tədbirimiz təxirə salınsın.
Mətbuat konfransına gələn Süleyman Ələkbərov və Mail Kərimova isə arda-arda zəng edib, polis idarəsinə çağırırdılar, əlavə təzyiqlərini davam etdirirdilər, “təcili gəlin, ərizə verin, şikayətləriniz araşdırılacaq” kimi absurd vədlər verirdilər ki, elan olunan mətbuat konfransı baş tutmasın.
Amma son anadək ciddi və məqsədyönlü fəaliyyət göstərdik, bəzi hallarda emosional duyğularımıza hakim ola bilmədik, lakin mətbuat konfransını təşkil etdik.
Bəlli oldu ki, MBH-nin üzvlərini hansısa polis idarəsinə aparıb başına çuval keçiriblər, döyüblər, işgəncə veriblər, lüt soyundurublar, alt paltarlarını cırıblar, dəyənək çıxarıblar, kamera gətiriblər, tələb ediblər: “Kameranın önündə söz verin ki, bir daha məhkəmələrin qarşısına getməyəcəksiniz. Əks təqdirdə, dəyənəklə zorlanacaqsınız”.
Təbii, təqsirsiz və günahsız dindarlar da məcburən kameranın önündə söz veriblər ki, “bir daha məhkəmələrə getməyəcəyik...”
Zorlanmamaq üçün.
İndi isə qayıdıram Ehsan Zahidovun məlum açıqlamasına.
Ehsan müəllim, bizi hüquqi məsuliyyət barədə xəbərdar edib, hüquq müdafiəçiliyimizi, hüquqşünas olduğumuzu şübhə altına alırsınız, dırnaqarasında təqdim edirsiniz.
Sual olunur, bu aylar ərzində başda daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov olmaq üzrə Daxili İşlər Nazirliyi “özlərini hüquq müdafiəçisi adlandıran hüquqşünaslarla” ünsiyyət qurub?
Təsdiq edirsiniz ki, başda naziriniz olmaqla Daxili İşlər Nazirliyi son bir il ərzində dırnaqarası hüquq müdafiəçiləri ilə təmasda olub?
Yoxsa hesab edirsiniz ki, 24 saat “yemlədiyiniz” bəzi jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri kimi biz də qabağımıza atılan sür-sümüyü yalayıb, süfrədəki qırıntılara əl uzadıb, vicdanımızı, hüquqi iradəmizi, ədalət duyğumuzu, mənliyimizi sizə kirayəyə verməliydik?
Ciddi olun və qətiyyən səhv salmayın!
Bir halda ki, bizi bilirsiniz.
Bilirsiniz ki, bu illər ərzində bizimlə təzyiq, hədə-qorxu, həbs və digər repressiv tədbirlərin dili ilə danışılıb bir nəticə əldə edilməyib.
Lakin günün birində masaya əyləşməklə bağlı ortaq təşəbbüs olub, məmnuniyyətlə razılaşmışıq, danışmışıq.
Bəzi hallarda da bunun ictimai maraqlara faydası olub.
Bu gün də aşkar ünsiyyətdən yanayıq, narahat deyilik, çünki əminik ki, inzibati orqanlarla, eləcə də DİN rəhbərliyi ilə təmaslarımız az da olsa, hüquq və azadlıqları tapdanılan şəxslərə kömək olur.
Yenidən dönürəm “Özlərini hüquq müdafiəçiləri adlandıran bəzi “hüquqşünas”lar da ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır” kimi acı gülüş doğuran açıqlamanıza.
Əvvəla, indiki halda hüquqi məsuliyyət daşımalı olan şəxslər varsa, onları Daxili İşlər Nazirliyinin içində axtarmaq lazımdır,  ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar, işgəncə tətbiq edən polis əməkdaşlarını asanlıqla müəyyən edib, hərəkətlərinə adekvat hüquqi qiymət verilməlidir, “həyacan siqnalı” verən hüquq müdafiəçilərini hədələməyi bir bucağa qoymaq zəruridir.
Mütləq.
Və Ehsan müəllim, sonda bir daha sizi ciddi olmağa dəvət edirəm.
Xeyli adam açıqlamalarınıza gülür...”
Xatırladaq ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov MBH üzvlərinin Bandotdel”də polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialarına münasibət bildirərkən ötən gün keçirilən mətbuat konfransı barədə də açıqlama verib:
“Çox təəssüflə qeyd edirəm ki, Mail Kərimovun və Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına özlərini hüquq müdafiəçiləri adlandıran bəzi “hüquqşünas”lar da ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır".

DİGƏR XƏBƏRLƏR

Top