
Ölkə yollarında təhlükəli avtomobil idarə edən, digər hərəkət iştirakçılarına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə paylaşan sürücü barəsində müvafiq tədbir görülüb.
Yeniavaz.com “Avtosfer.az”a istinadən xəbər verir ki, bu əməlləri törədənin Məlikov Əziz Soltanpaşa oğlu olduğu aşkara çıxıb.
Bildirilib ki, hərbi xidmətdə ola-ola bu əməlləri törədən və video çəkərək sosial şəbəkələrdə paylaşan şəxs tanınmış iş adamının oğludur.
Həmçinin oxuyun: Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən “Avtosfer.az”a verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.
Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hal-hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.
Müdafiə Nazirliyindən bildirilib ki, bununla bağlı Ə. Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.