Mingəçevirdə “Şuşa ili” ilə bağlı konsert proqramı keçirilib


Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illinə həsr olunmuş “Qarabağın tacı Şuşa” adlı konsert proqramı təşkil olunub.
Yeniavaz.com
xəbər verir ki, proqramda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri Vəsilə Möhsümova da iştirak edib.
Proqrama uyğun olaraq Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin orkestri, Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən ibarət xor kollektivi, Şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət məktəbinin “İnci” xor kollektivi, Beynəlxalq və Respubika müsabiqəsinin qalibi şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət məktəbinin “Banu” rəqs qrupu (kiçik və böyük yaş qrupları), Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimi Pərvanə Soltanova, Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimlərindən ibarət vokal qrupu çıxış ediblər. Müğənnilər Oqtay Vəliyev, Zülfiyyə Hacıyeva, Xəqani Abdullayev və Xəyal İsmayılovun ifalarında Qarabağ Şikəstəsi təqdim olunub.
Bundan əlavə iştirakçılar Şuşa haqqında sərgiyə baxış keçiriblər. “Gen Production”ın Şuşa haqqında video çarxı nümayiş olunub.
Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İ. İsmayılov çıxış edərək konsert proqramı haqqında xoş sözlərini dilə gətirib və təşkilatçılara minnətdarlığını bildirib.
V. Möhsümova tədbirlə bağlı təəssüratlarını Yeniavaz.com-la bölüşüb:
“Bərdə Regional Mədəniyyət idarəsi, Mingəçevir şəhər nümayəndəliyi tərəfindən keçirilən Şuşa ilinə həsr olunmuş bu tədbir, ümumilikdə, regionun insanlarının mədəni-kütləvi zövqünün oxşaması və xüsusilə də gənclərimizin Qarabağ ruhunda köklənməsi baxımından vacib idi. Mən hesab edirəm ki, bu cür tədbirlərin sayını bütün regionlarda mütamadi etməliyik. Bizim regional idarə olaraq, xüsusilə də gənclər arasında həm Şuşa, həm də, ümumiyyətlə, mədəniyyətmizin təbliğ olunması üçün tədbirlərimiz davamlı olacaq”.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top