Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması işlərinin satınalınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi Böyük Britaniyanın “Chapman Taylor LLP” şirkəti olub.
Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması üçün “Chapman Taylor” şirkətinə 440 min 428 manat 45 qəpik ödəniləcək. Konsepsiyanın hazırlanması işləri 16.05.2022-ci il tarixində başlayıb 16.11.2022-ci il tarixində başa çatacaq.
Məlumat üçün bildirək ki, “Chapman Taylor LLP” daha əvvəl Cəbrayıl və Şuşa şəhərinin baş planının hazırlanması işlərilə bağlı keçirilən tender müsabiqələrinin də qalibi olub.
Cəbrayıl şəhərinin baş planının hazırlanması üçün “Chapman Taylor” şirkətinə 3 milyon 644 min 888 manat 89 qəpik, Şuşa şəhərinin baş planının hazırlanması üçün isə 3 milyon 941 min manat ödəniləcək. Şuşa şəhərinin baş planının 21.07.2022-ci il tarixində, Cəbrayıl şəhərinin baş planının hazırlanması işlərinin isə 16.09.2022-ci il tarixində başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Chapman Taylor LLP” şirkəti 1959-cu ildə İngiltərədə qurulub. Avropa, Asiya və Yaxın Şərqdə memarlıq və dizayn sahəsində bir çox layihələrə imza atıb.
Şirkətin ilk layihəsi London Polis İdarəsi (“New Scotland Yard”) olub.
Onu da bildirək ki, “Chapman Taylor” daha əvvəl Azərabyacanda bir sıra layihələrə imza atıb.
Bakının ən böyük ticarət və əyləncə mərkəzlərini “Chapman Taylor” layihələndirib. Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzi 2007-ci ildə “Paşa İnşaat” şirkətinin sifarişi əsasında “Chapman Taylor” şirkəti tərəfindən dizayn olunub. Mərkəz dizayn olunarkən Azərbaycan gerbinin səkkizgüşəli ulduzu və Dənizkənarı Bulvarın simvolu hesab olunan “Mirvari” kafesinin görüntüləri əsas alınıb.
“Chapman Taylor” şirkəti tərəfindən açıqlanan məlumatda qeyd olunurdu ki, “Dəniz Mall”un daxili dizaynı sonradan dəyişdirilib. Daha əvvəl bu tikilinin ticarət mərkəzi olarak fəaliyyət göstərməsi nəzərdə tutulmayıb. Bina konqres mərkəzi olarak dizayn olunub. Lakin, binanın tikintisi gecikdirilib və 2016-cı ildə daxili dizaynı dəyişdirilərək ticarət və əyləncə mərkəzinə çevrilib.
Məlumat üçün onu da bildirək ki, “Dəniz Mall” “Chapman Taylor”un Bakıda dizayn etdiyi yeganə tikili deyil. “Chapman Taylor” daha əvvəl də “Paşa İnşaat” şirkətinin sifarişi əsasında Bakıda “Port Baku Tover” adlı iş mərkəzi və “Gənclik Mall” adlı ticarət və əyləncə mərkəzini layihələndirib.
A.Cəfərov