Mingəçevirdə narkotiklə bağlı maarifləndirici tədbir keçirilib


Mingəçevirdəki 9 saylı tam orta məktəbdə Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev və əməkdaşları narkotikə və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, tədbirin əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdən ibarət olub.
Tədbirdə polis rəisi Ədalət Əliyev çıxış edərək qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Rəis məktəbin şagird və müəllim kollektivinə müasir dövrdə insan sağlamlığına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən danışıb.
Mövzu ilə əlaqədar Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarx vasitəsi ilə izahedici söhbətlər aparıb.
Çıxışlarda polis əməkdaşları erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulması, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb və eyni zamanda  "Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri", "Yol hərəkəti qaydalarına əməl edək" mövzuları ilə çıxışlar ediblər.
Tədbirdə iştirak edən təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev polis vətəndaşlarına minnətdarlıq edərək bildirib ki, ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Təhsil şöbəsi tərəfindən də məktəbin fəaliyyət planına uyğun olaraq, zərərli vərdişlərlə bağlı tədbirlər görülür.
Sonda mövzu ilə bağlı müəllim və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top