AMEA və MDU arasında Memorandum imzalanıb


AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib.
Yeniavaz.com
xəbər verir ki, konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti, tələbələr və magistrantlar iştirak ediblər.
Əvvəlcə, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş sözü ilə çıxış ediblər.
Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışan rektor Azərbaycanın dayanıqlı və innovativ inkişafı, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını vurğulayıb. Konfransda AMEA İqtisadiyyat İnstitutunun alimlərinin də iştirak etdiyini qeyd edən Ş. Bayramov proqrama daxil olan məruzələr ətrafında maraqlı elmi müzakirələrin aparılacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən AMEA İqtisadiyyat İnstitutunun baş direktoru N. İmanov konfransa dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Paytaxtdan kənarda, regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışan N. İmanov bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı MDU-nun təşəbbüsünü yüksək qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim açıq olduqlarını qeyd edib.
Sonra, konfransda elmi məruzələr dinlənilib.
Böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Konfrans çərçivəsində AMEA-nın İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum elmi potensialın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva edir.
Konfransdan sonra iştirakçılar “Azərbaycan” İstilik Elektrik Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası və Mingəçevir Sənaye Parkını ziyarət ediblər, burada təşkil olunan istehsal prosesi ilə yaxından tanış olublar.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top