Tacikistanda DİN-in idarəsinə hücum, ölü və yaralılar var


Tacikistanın Daxili İşlər Nazirliyinin qərargahına silahlı basqın olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tacikistan DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz aksiya və hücumu yerli cinayətkar dəstə təşkil edib. Silahlı basqın zamanı təxminən 3 nəfər yaralanıb, 1 nəfər ölüb.
“2022-ci il mayın 16-da saat 18:30-da (Bakı vaxtı ilə 17:30) Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroq şəhərində mütəşəkkil cinayətkar dəstənin rəhbəri Məmmədbokir Məmmədbokirov və onun əlaltıları ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq və cinayətkarlar haqqında qərarlar qəbul etmək üçün yerli hakimiyyət orqanlarına təzyiq göstərmək məqsədi ilə şəhərdə qanunsuz aksiya təşkil ediblər. Saat 20:40-da (Bakı vaxtı ilə 19:40) Məmədbokirovun göstərişi ilə bir qrup gənc rayon məhkəməsinin binasında xidməti vəzifələrini yerinə yetirən DBMV üzrə Daxili İşlər Nazirliyinin əməkdaşlarına silahlı basqın edib və əl qumbarası partladıb”, - məlumatda deyilib.
Nazirlikdən verilən məlumata görə, nəticədə DİN-in idarə rəisinin birinci müavini və daha iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hücum edənlərdən biri xəsarət alıb və xəstəxanada ölüb.
Mətbuat xidmətindən bildirilib ki, nümayişlərin dağıdılması üçün əməliyyat zamanı xüsusi texnikadan istifadə olunub:
“Silahlı hücumda iştirak etmiş mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir, hadisənin təşkilatçılarına qarşı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb”.
Yerli KİV-in xəbərlərinə əsasən, bu gün səhər saatlarından etibarən Xoroqda nisbətən sakitlik hökm sürür, hərbçilər və Daxili İşlər Nazirliyi patrulları gücləndirir.
Qeyd edək ki, ötən gün Tacikistanın Xoroq şəhərində etiraz mitinqi olub. Bu səbəblə şəhərə zirehli texnika yeridilib. Polislə aksiya iştirakçıları arasında toqquşma baş verib. Hadisə səbəbilə bir neçə nəfər yaralanıb. Polis mərkəzi meydana aparan yolları bağlayıb, internet kəsilib.

DİGƏR XƏBƏRLƏR

Top