Bayramov-Lavrov-Mirzoyan görüşü başa çatdı - Yenilənib


12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

XİN-dən Yeniavaz.com-a verilən xəbərə görə, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.


***16:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov məlumat yayıb.

***16:32
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli görüş keçirəcəklər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Lavrov məlumat verib.
O bildirib ki, görüş Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə, müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəldiyi bir vaxtda keçirilir:
"Vəziyyəti nəzərdən keçirmək, prezidentlərin qarşıya qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyini görmək üçün istənilən fürsət çox dəyərlidir. Onu da qeyd etmək istəyirəm ki, bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik, bir sıra rəngarəng, canlı tədbirlər hazırlanır”.

DİGƏR XƏBƏRLƏR

Top