Türkiyə İranın ittihamlarına cavab verdi


“Tikdiyimiz bəndlərin son vaxtlar İranda baş verən qum və toz fırtınalarının yaratdığı ekoloji problemlərə səbəb olması və Tehranda hava çirkliliyinin pik həddə çatması ilə bağlı iddialar İran mediasında geniş şəkildə işıqlandırılır və məsələ siyasətçilər tərəfindən də gündəmə gətirilir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Tanju Bilgiçin İranda meydana gələn qum, toz fırtınaları və Tehranda yaranan hava çirkliliyi səbəbi ilə Türkiyəyə yönələn iddialara cavab bəyanatında bildirib.
“Coğrafiyamızda Türkiyədəki bəndlərin qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmilikdən uzaqdır. Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlıq da bu fırtınaları artırır.
Qum və toz fırtınalarını qabaqlamaq və onların mənfi təsirlərini yüngülləşdirmək üçün hər bir ölkə, ilk növbədə, üzərinə düşəni etməli, su və torpaq ehtiyatlarından davamlı istifadə istiqamətində lazımi addımlar atmalıdır. Rəsmi Tehranın bu cür problemlərə görə Türkiyəni günahlandırması problemlərin həlli üçün real yanaşma deyil.
Su məsələsinə sırf humanitar prizmadan yanaşan Türkiyə hesab edir ki, transsərhəd sular sahilyanı ölkələr arasında münaqişə deyil, əməkdaşlığın elementidir. Ölkəmiz aşağı axın ölkələrinin ehtiyaclarını nəzərə alan, beynəlxalq hüquqa sayğı ilə yanaşan bir anlayışla hərəkət edib və bundan sonra da bu anlayışı qoruyub saxlamağa davam edəcək.
Türkiyə bu məsələdə İranla istənilən rasional və elmi əməkdaşlığa açıqdır”, - bəyanatda deyilib.
Qeyd edək ki, İran son vaxtlar ölkədə gündəlik həyata mənfi təsir göstərən qum və toz fırtınalarında Türkiyəni günahlandırıb. İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin qərb və cənub bölgələrində qum və toz fırtınalarının yayılmasına Türkiyənin Araz çayı üzərində qurduğu bənd və sərhəddə inşa etdiyi divarların səbəb olduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top