Aytən Məmmədovaya hücuma görə cinayət işi açıldı


Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Polis mayorunun sözlərinə görə, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur.
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, ötən gün jurnalist Aytən Məmmədova Binəqədi rayonu ərazisində bıçaqlı hücuma məruz qalıb. Belə ki, jurnalistin tanımadığı şəxs ona yaşadığı binanın blokunda hücum edib. Bıçağı media nümayəndəsinin boğazına dirəyən şəxs, ondan adını çəkmədiyi məhkəmə işindən yazmamasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top